“Neftçi”nin futbolçusu İqnasio Herrera Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində səfərdə “Zirə”ni 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, oyundakı ikinci qolun müəllifi öncə matçla bağlı fikirlərini bildirib:

- Çətin oyun olacağını bilirdik. Elə də oldu. Xüsusən, meydan amilini vurğulayardım. Bu komandaya Premyer Liqa qarşılaşmalarında qalib gələ bilməmişdik. Çox sevinirəm ki, bu dəfə qalib gələrək, 3 xal qazandıq.

- "Zirə"yə çempionatda ilk dəfə qalib gəldiniz. Bunu ikiqat qələbə adlandırmaq olar?
- Əlbəttə, "Zirə" medallar uğrunda mübarizədə bizim əsas rəqibimizdi. Artıq xal fərqini 1-ə endirmişik. Bu oyunu unudub növbəti matçlara hazırlaşmalıyıq.

- Qolu vurduqdan sonra tribunada olan atana tərəf qaçdın. Onun burada olması səni nə dərəcədə motivasiya edir?
- Əlbəttə, buna çox sevinirəm. Çünki atam 14 min km məsafəni qət edərək, Çilidən yanıma gəlib. Lakin iki gündənbir oyuna çıxırıq. Buna görə də atamı tez-tez görə bilmirəm. Şadam ki, bu oyunda qalib gəldik. O da qələbəmizə şahidlik etdi.

- Atan oyun zamanı sənə müəyyən işarələr göstərirdi. Bunları görə bilirdin?
- Başqalarından fərqli olaraq, mənim atam komandaya bağlı biridi. Hər bir oyunçumuzu tanıyır, bizi dəstəkləyir. Oyun zamanı motivasiya üçün belə jestlər edir.

- "Zirə” sindromunu qırmaq sənin üçün nə deməkdi?
- Qələbənin həzzini çıxarmaq istəyirik. Gün ərzində qələbə sevincini yaşayacağıq. Buna baxmayaraq, hələ heç nə bitməyib. Çünki "Zirə" bizdən hələ də irəlidədi. Gələcək oyunlarda 1 xallıq fərqi aradan qaldırmağa çalışacağıq.

- Qarşıdan "Qəbələ” ilə kubok oyunu gəlir. Bu oyundan sonra komandada yorğunluq var. Baş məşqçi cavab qarşılaşmasında sürpriz heyət çıxara bilər?
- Bizi heç də asan oyun gözləmir. "Qəbələ" bizə qarşı ilin oyununa çıxacaq. Biz isə oyuna hər zamankı kimi hazırlaşacağıq. Meydana qələbə üçün çıxacağıq.

- İndiki "Neftçi” mövsümün əvvəlindəki kimi olsaydı, çempionatda hansı mövqedə olardı?
- Komandada rəqabət artıb. Bu da xeyrimizə olub. Əvvəllər belə rəqabət yox idi. Mövsümə pis başlamışdıq. Lazımsız xallar itirdik, səhvlər etdik. İndi bilirik ki, səhv etməyə haqqımız yoxdu. Əks halda, rəqiblər bizdən xal hesabında aralanacaqlar. Ötən oyunla bu matçı müqayisə etsək, görərik ki, baş məşqçi heyətdə rotasiyalar etmişdi. Bir neçə futbolçu ehtiyatda idi. Buna baxmayaraq, qələbə qazandıq. Bu, onu göstərir ki, komandada rəqabət, birlik, yaxşı əhval-ruhiyyə var.

- Bu tempdə sona qədər davam edə biləcəksiz?
- Buna inanıram. Çox əziyyət çəkmişik. Təlim-məşq toplanışlarında öz üzərimizdə xeyli işləmişik. Sonda əziyyətimizin bəhrəsini görmək istəyirik.