Yığmanın baş məşqçiləri ölkəmizi tərk edib.

Söhbət əsas və gənclər millilərini çalışdıran Canni De Byazi ilə Milan Obradoviçdən gedir.

Offsideplus.az xəbər verir ki, Kiprlə oyundan sonra yığma vətənə qayıdanda italyan çalışdırıcı fərqli marşrut seçib. O, həmyerliləri olan köməkçiləri ilə birgə Tiranada millidən ayrılaraq İtaliyaya uçub. U-21-in baş məşqçisi Obradoviç isə Gürcüstanla qarşılaşmanın ardınca Serbiyaya yollanıb. Səbəb ailə üzvlərinə baş çəkməkdir.

Hər iki çalışdırıcı hesabat turunda gözə dəymədi. Çox güman, həftəsonu keçiriləcək 7-ci turun oyunlarını da canlı izləməyəcəklər. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə söhbətdə öyrəndik ki, əcnəbi mütəxəssislərin Bakıya qayıdışı növbəti həftənin ilk günlərinə nəzərdə tutulub. Lakin cari həftənin sonu da gələ bilərlər.

 Azərbaycanı tərk etməyin kökündə hər nə qədər ailə üzvlərinə baş çəkmək dayansa da, cəbhədə baş verənlərin əcnəbiləri qorxutması ehtimalı da yox deyil.