"Sabah"ın yeni baş məşqçisi Visente Qomesin Azərbaycana gələcəyi təxmini tarix müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bu barədə apasport.az saytına paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

O bildirib ki, həm ispaniyalı çalışdırıcı Visente Qomes, həm də köməkçilərinin iyulun sonlarında ölkəmizdə olması nəzərdə tutulur. Lakin bu səfər yubana da bilər: "Baş məşqçimiz və köməkçilərinin iyulun sonuna kimi Azərbaycana gəlməsi planlaşdırılır. Ancaq pandemiya səbəbindən yaranmış mövcud vəziyyətlə bağlı dəqiq tarix demək də mümkün deyil".

Qeyd edək ki, "Sabah"da ukraynalı Qleb Platov baş məşqçinin köməkçisi, ispaniyalı Xesus Pinedo isə fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə təyin olunub.