2017-ci ildə Azərbaycanda ən çox qol vuran futbolçu müəyyənləşib.

Offsideplus.az apasport.az-a istinadən xəbər verir ki, İngiltərə millisinin və “Tottenhem”in ulduzu Hari Keyn Avropada ən məhsuldar oyunçu adını qazanıbsa, Azərbaycanda ən yaxşı bombardir “Qarabağ”ın legioneri Dino Ndlovudu.

56 qol vuran britaniyalı UEFA tərəfindən qitənin ən məhsuldar oyunçusu hesab olunub. CAR-dan olan hücumçu isə “Qarabağ”la 2017-ci ildə 17 qol vurub.

O, ötən mövsümün bu ilə aid hissəsində çempionatda 7, kubokda 1 qola imza atıb. Cari mövsüm Premyer Liqada 5 dəfə rəqib qapısına yol tapan afrikalı Çempionlar Liqasında 4 dəfə fərqlənib.

Ndlovunun izləyiciləri ondan xeyli geri qalır. Belə ki, ikinci yerin şərikləri hərəyə 13 dəfə fərqləniblər.

Bunlardan biri ən məhsuldar azərbaycanlı olan Rauf Əliyevdi. Albaniyada legioner həyatı yaşamış hücumçu ilin ilk yarısında “Keşlə”də, sonra “Kukesi”də çıxış edib.

O, Azərbaycan çempionatında 8, Albaniya birinciliyində 3 dəfə fərqlənib. Hücumçu “Keşlə”də avrokubok matçında, “Kukesi”də isə ölkə kubokunda qol sevinci yaşayıb.

“Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiçin də hesabında eyni sayda qol var. Xorvatiyalı cari mövsüm avrokubokda 1, çempionatda 3, kubokda 4 dəfə rəqib qapısına yol tapıb. Ötən mövsümün ikinci yarısında isə legioner 4 dəfə Premyer Liqa, 1 dəfə kubokda bunu bacarmışdı.

İlin ən məhsuldar oyunçular siyahısında yer alan digər oyunçulardan Amil Yunanov 12, Baqali Dabo 11, Mahir Mədətov 10 qol vurub.