“Çətin oyun olacaq. Rəqibin gücü bəllidir. Qrupumuzun ən güclüsü sayılan İspaniya millisi ilə heç-heçə ediblər. Bu da rəqibin potensialından xəbər verir” .

Bu sözləri Offsideplus.az-a açıqlamasında qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.

Gənc çalışdırıcı yığmanın Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Polşa ilə oyununu dəyərləndirib:

“Oyuna tam hazırlaşmışıq. Düzdür, heyətdə çatışmazlıqlarımız var, amma demək olar istədiyim komanda tam formalaşıb. Ümid edirik ki, doğma meydanda xal və ya xallar qazanıb azarkeşlərimizi sevindirərik”.

Siyasət Əsgərov rəqibin heyətinin daha güclü olduğunu bildirib:

“Rəqibin bu heyəti 19 yaşlı qadınlardan ibarət yığmalar arasında keçirilən Avropa Çempionatının qalibi olub. Futbolçuların çoxu həmin turnirdə oynayıblar. Polşa yığmasında Avropanın aparıcı çempionatlarında çıxış edən oyunçular var. Bu amillər də rəqibin gücündən xəbər verir”.

İlkin Sultanlı