"Səbail"in yarımmdafiəçisi Vüqar Bəybalayev maaşının artırılmasını tələb etdiyi üçün əvəzedici heyətə göndərilməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Offsideplus.az-a açıqlamasında xəbəri təkzib edən Bəybalayev, klubun Antalyadakı təlim-məşq toplanışına aparılmamasına səbəb kimi maaşının azalması təklifi ilə razılaşmadığını bildirib: "Yayılan xəbər yanlış, əsası olmayan məlumatdır. Rəhbərliklə aramda tam fərqli söhbət olub. Komanda məndən maaşımın endirilməsini istədi. Bu kifayət qədər böyük məbləğ olduğu üçün, mən də razılaşmadım. Buna görə də əvəzedici heyətə göndərilmişəm".

Məşqçilər korpusunun qərarına hörmətlə yanaşdığını bildirən 26 yaşlı futbolçu, yenidən əsas heyətdə oynamaq təklifi olarsa, bunu müsbət qarşılayacaq: "Hazırda əvəzedici komandada məşqlərimi davam etdirirəm. Rəhbərlik, baş məşqçimiz Aftandil müəllim məni əsas komandaya qaytarmaq istəsə, heç bir problem yoxdur. Yenidən canla-başla əlimdən gələni etməyə hazıram. Aftandil müəllim özü də bilir ki, mənim ona hörmətim böyükdür. Verdiyi qərara da hörmətlə yanaşıb, heç bir problem olmadan əvəzedici komandada məqşlərə qatıldım. Yenə də təkrar edirəm, maaşımın artırılmasını tələbim etməyim barədə yazılanlar düzgün deyil. Dünya təcrübəsində də belədir, müqavilən mayda bitirsə, dekabrda maaş artırılması tələbi ilə çıxış etmək real deyil".

Vüqar Bəybalayev əvəzedici komandada məşq prosesinin yüksək səviyyədə təşkilindən də danışıb: "Çoxları elə düşünə bilər ki, əvəzedici komandaya gəlməklə geriləyərəm, və ya formamı itirərəm. Ancaq bu heç də belə deyil. Mirbağır müəllimin rəhbərliyi altında çox yaxşı məşq keçirəm. Məşqlərimiz yüksək səviyyədədir. Komandada yaxşı oyunçular var. Formamı itirəcəyimi düşünmürəm. Mirbağır müəllim oyunlarda şans versə, əlimdən gələni edəcəyəm. Əsas komandada oynamayıb itirdiyim formanı burda bərpa edib, daha yaxşı formada olacağıma inanıram".