"Neftçi"ni tərk edəcək daha bir futbolçu müəyyənləşib.
Hücumçu Mirabdulla Abbasov klubunu dəyişməyə hazırlaşır. Mövsümə pis başlamasa da, Canluka Sansonenin transferindən sonra baş məşqçi Roberto Bordinin həmyerlisinə üstünlük verməsi milli komandamızın üzvünü ehtiyat oyunçular skamyasına "həbs" etmişdi. "Qəbələ"dən ayrılan Stiven Jozef Monrozun da mümkün gəlişini nəzərə alsaq, 24 yaşlı forvardın əsas heyət şansının daha da azalacağını düşünmək olar.
Doğrudur, "Neftçi" rəhbərliyi ön xətdə alternativlərinin çox olması üçün Mirabdullanın qalmasının tərəfdarıdı. Futbolçunun özünə bununla bağlı təklif də olub. Lakin ehtiyatda oturmağa razı olmayan Abbasov komandadan ayrılmaq qərarına gəlib.
İyulun 1-dən etibarən azad agent statusu daşıyacaq oyunçu karyerasını paytaxtın digər komandasında davam etdirəcək. Lakin hələlik yekun seçimini etməyib. Çünki "Sabah" və "Səbail" onun xidmətində maraqlıdı. İkincilər Avropa Liqasına vəsiqə qazansa da, "Sabah"ın təklifi daha cəlbedici görünür. Hücumçu başqa bir variant çıxmayacağı təqdirdə, bu iki komanda arasında seçim edəcək.
Qeyd edək ki, "Neftçi" mövsüm başa çatan kimi Məhəmməd Mirzəbəyov, Qoran Paratski və Petru Raku ilə sağollaşıb. (matc.az)