"Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Offsideplus.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:4 hesabıyla uduzduqları matçın ardından səbəbkarları və problemləri bir neçə cümlə ilə açıqlayıb və suallara cavab verib:

- İki fərqli hissə izlədik. İlk hissədə yaxşı oynadıq, qol imkanlarımız oldu, amma fasilədən sonra səhvlər etdik və uduzduq. İlk qolda qapıçımız, ikinci hissədə isə müdafiəçilərimiz səhv etdi. Bu gün yenə azlıqda qaldıq. Deyəsən, fiziki cəhətdən geridə qalırıq. Ancaq irəli baxmalıyıq.

- Bu gün 5 müdaifəçi ilə oynayırdınız. Bu qədər müdafiəçi ilə meydana çıxan komandanın kifayət qədər səhv etməyə haqqı varmı?
- Yox. Sadəcə, futbolçular bir-birini başa düşməlidi. Təcrübəli futbolçular belə səhvlər etməməlidi. Təəssüflər olsun ki, belə səhvlər edirik.

- Orxan Sadıqlı qırmızı vərəqə aldı. Onun cəzalanması gündəmdədi?
- Meydanda olan hər bir futbolçu sakit olmalıdı. Artıq 5-ci qırmızı vərəqənı alırıq. Bu faktdısa, biz heç nə edə bilmərik. Orxan ilk hissədə də səhv etdi və fasilədə ona xəbərdarlıq etdik. Ancaq yenə səhv etdi. Cəzalanacaq, ancaq komandanın daxili işləri barədə danışmaq istəmirəm.

- Müdafiə xətti bərbad futbol sərgiləyir. Vurğun Hüseynov səhvlər edir, amma növbəti oyun kapitan kimi meydana çıxır. Ona nə vaxta qədər şans verəcəksiz?
- Komandada olan bütün futbolçulara ümid bəsləyirik. Əlimizdə olan futbolçularla irəli gedəcəyik. Bu eniş bir neçə oyundu davam edir. Bunu aradan qaldırmalıyıq.

- Əfran İsmayılov Qurban Qurbanovun rəhbərliyi altında oynayanda heç vaxt əvəzlənməsinə etiraz etməyib. Bəlkə indi nədənsə istifadə edir?
- Belə düşünmürəm. Futbolçu meydandan çıxmaq istəmirsə, bu, onun öz işidi. Ağzını əyir, nə edir, özü bilər. Bunu qəbul etmirəm. Belə edibsə, gərək etməsin. Əfran millinin, komandanın aparıcı futbolçusudu, belə etməməlidi. (Sportnet)