2024-25 mövsümü üzrə Azərbaycan Kubokunun finalında "Qarabağ" "Sabah"a 3:2 hesabı ilə uduzaraq, mövsümü bir titulla - ölkə çempionu olaraq başa vurub.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçı şərh edib, mövsümü dəyərləndirib.
"Sabah"ı kuboku qazanmaları münasibətilə təbrik edirəm. Yaxşı komanda qurmuşdular, bunun da bəhrəsini gördülər. Futbolçularım yaxşı mövsüm keçirdilər. Ümumilikdə, istər avrokuboklar, istər çempionat, istərsə də ölkə kubokunu nəzərə alsaq, gərgin bir sezon oldu. Oyundan razı qaldım, bu gün "Sabah"ın qisməti idi. Bütün oyunlarda belə azarkeşlik olsa, futbolçular daha istəkli olar".
Q.Qurbanov Yassin Benzianın rəqibin vurduğu qoldan sonra etirazlarına münasibət bildirib:
"Benzia belə etirazlar edir. Belə etməsə, yaxşı olardı. Matç gərgin keçdi. Bəzən futbolda belə hallar olur, bu məsələdə elə ciddi bir şey görmürəm. Dəfələrlə demişəm, hakimlər üçün bu kimi oyunlar asan deyil. Onu qeyd edə bilərəm ki, İnqilab Məmmədov oyunu yaxşı idarə elədi. Təcrübəsini göstərdi. Benzianın komandada qalıb-qalmamasına gəlincə, hələ razılaşmamışıq. Hələlik konkret bir şey yoxdur, cavab gözləyirik".