"Formula 1" üzrə Meksika Qran Prisinə yekun vurulub.
Offsideplus.az məlumatına görə, yarışın qalibi adına "Red Bull" pilotu Maks Ferstappen layiq görülüb.
71 mərhələdən ibarət yürüşün yekununda o, 1 saat 38 dəqiqə 28,851 saniyə nəticə göstərib. Sonrakı iki yeri "Ferrari" pilotları Sebastyan Fettel və Kimi Raykkonen tutub.
"Mercedes"in digər pilotu Lüis Hemilton 4-cü yeri tutsa da, karyerasında 5-ci dəfə dünya çempionu adını vaxtından əvvəl qazanmağı bacarıb. Britaniyalı idmançı bu göstəricidə argentinalı mərhum pilot Xuan Manuel Fanxio ilə bərabərləşib. Hamıdan çox titul isə almaniyalı Mixael Şumaxerdədir. Onun 7 dünya çempionluğu var.
Mövsümün sonuna 2 mərhələ qalmış Hemilton 358 xalla 1-ci, Fettel 294 xalla 2-ci, Raykkonen 236 xalla 3-cüdür. Avtomobillərin yarışında isə "Mercedes" 585 xalla 1-ci, "Ferrari" 530 xalla 2-ci, "Red Bull" isə 362 xalla 3-cü yerdə gedir.
Növbəti Qran Pri 9 - 11 noyabrda Braziliyada, sonuncusu isə 23 - 25 noyabrda Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçiriləcək.
Lüis Hemilton əvvəllər 2008, 2014, 2015 və 2017-ci illərdə dünya çempionu olub.