Polşa "Legiya"sında çıxış edən millimizin üzvü Mahie Emreli UEFA  Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Lester"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Offsideplus.az Varşava təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı forvard "tülkülər"dən çəkinmədiklərini bildirib:

"Heç birimiz "Lester"dən qorxmurduq. Təbii ki, onlara hörmətlə yanaşırdıq. "Lester" əla komandadır, amma bu gün futbolda hər şey mümkündür. Hamımız eyni şeyi düşünürdük. Bunun üçün dörd il mübarizə apardıq və nəhayət buradayıq. Topdan zövq aldığım zaman hər şey yaxşı gedir. Hələ oyundan əvvəl demişdim ki, bu oyundan tək azarkeşlər yox, futbolçular da zövq almalıdır. Bu, cəmi 90 dəqiqəlik şou idi. Komanda yaxşı oynadı və sona qədər mübarizə apardıq. Üç xal qazandıq. Hər kəsi təbrik edirəm".

Emreli, qolu necə vurması haqda da danışıb:

"Sadəcə çərçivəni gördüm və topa zərbə vurdum. Hər bir hücumçu bunu etməlidir. İnanın, bu gün qolu kimin vurmasının heç bir əhəmiyyəti yoxdur. Təbii ki, bir hücumçu olaraq onu qol vurduğum üçün xoşbəxtəm, amma ən əsası üç xalımız var. Yalnız mən yox, bu gün hamımız xoşbəxtik".

Xatırladaq ki, "Legiya" 31-ci dəqiqədə Mahirin vurduğu yeganə qolla "Lester"i məğlub edib.