Bir müddət öncə UEFA tərəfindən 2023/2024 mövsümündən etibarən qadınlardan ibarət komandası olmayan klubların Çempionlar Liqasında iştirakına icazə verilməyəcəyinə dair qərar qəbul edilib.

 Avropanın ali futbol qurumu artıq bu istiqamətdə işlərə start verib. Əsas şərt odur ki, turnirə qatılacaq klubların qadın kollektivi olmalıdır. Məqsəd isə ölkələrdə qadın futbolunun inkişafına təkan verməkdir.

Məsələn, artıq bu səbəbdən Türkiyədə 8 klubun qadın komandası yaradılıb. Qardaş ölkənin ən köklü klublarından biri "Qalatasaray"ın da indiyədək qadın komandası yox idi. İstanbul təmsilçisi bu problemi ötən mövsüm həll edərək "rahatlaşıb".

Bəs, Azərbaycan Premyer Liqasında çıxış edən klublarda vəziyyət nə yerdədir? Maraqlıdır ki, bununla bağlı hansı tədbirlər görüləcək?

Düzdür, qarşıda 1 mövsümlük zaman var, ancaq gəlin, ümumi duruma nəzər yetirək. Elitada 8 komanda mübarizə aparır. Onlardan 3-nün qadın komandası varsa, 4-də yoxdur. Premyer Liqanın digər bir təmsilçisi isə qadın komandasının fəaliyyətini yenidən bərpa etməyə hazırlaşır.

"Qəbələ", "Neftçi" və "Şamaxı"nın qadın kollektivi mövcuddur və ölkəmizdə müxtəlif liqalarda mübarizə aparırlar.

Misal üçün, "Qəbələ" klubunun qadın komandası oyunlarını Qəbələ şəhər stadionunda keçirir. Bizdə olan bilgiyə görə, "radarlar" qadınlardan ibarət kollektivi icarəyə götürüb. Yəni həm komandanın məşqçiləri, həm də oyunçular Qax rayonundandırlar. "Qırmızı-qaralar" bu kollektivi icarəyə götürüb və rəsmi şəkildə klubun nəzdində fəaliyyət göstərirlər. "Qəbələ"nin qadın komandası Azərbaycan Yüksək Liqasında mübarizə aparır və 7 xalla 7-ci pillədə qərarlaşıb.

fhfhe

"Neftçi"nin qadınlardan ibarət komandası isə U-17 liqasında çıxış edir. "Ağ-qaralar" 12 oyuna topladığı 33 xalla turnir cədvəlinə başçılıq edir. Əldə etdiyimiz özəl məlumata görə, komanda növbəti mövsümdən etibarən Yüksək Liqada çıxış edəcək.

"Şamaxı" klubunun (əvvəlki adı "Keşlə" - red.) da qadınlardan ibarət komandası var. Yüksək Liqada çıxış edən şamaxılıların aktivində cəmi 6 xal var və sonuncu pillədə məskunlaşıblar.

3fc1408d f472 44e9 8459 bab70e420db6

"Sumqayıt" klubunun qadın komandası isə hələlik fəaliyyətini dayandırıb. "Kimyaçılar"ın 2012-ci ildən - Azərbaycan Premyer Liqasında çıxış etməyə başladığı dönəmdən bəri qadın kollektivləri olub. Bu illər ərzində müxtəlif adlarla çıxış edən "Gənclik şəhəri" təmsilçisi 2017/2018 mövsümündə "Uğur Sumqayıt" ismiylə mübarizə aparıb. 2018/2019 mövsümündə isə komandanın adı "Uğur" olub. Lakin bu gün "Sumqayıt"ın qadın kollektivi fəaliyyət göstərmir.

Mövzuyla bağlı Premyer Liqa klubunun mətbuat katibi Rəşad Məmmədova müraciət etdik. O, sualımıza belə cavab verdi:

"Sumqayıt" elitada çıxış etməyə başlayan dönəmdən bəri bizdə daim qadın komandaları olub. Hətta "Sumqayıt"ın qadınlardan ibarət komandası 2015/2016-cı illər mövsümündə Azərbaycan çempionatında bürünc medala yiyələnib. Lakin koronavirus pandemiyasıyla əlaqədar yaranan ümumi epidimioloji vəziyyət bizim də fəaliyyətimizə təsirsiz ötüşmədi. Kollektiv idman növləriylə bağlı yaranan durum səbəbindən qadın komandalarını bir yerə yığmadıq. Ancaq mütləq şəkildə tezliklə qadın kollektivlərinin fəaliyyətini bərpa etməyə hazırlaşırıq. Çünki "Sumqayıt"ın indiyədək hər zaman qadın komandaları olub. Hətta son 4-5 il ərzində iki - 13 və 19 yaş qrupları üzrə liqalarda təmsil olunmuşuq".

Qadın komandaları olan klublar haqda qısa informasiya vermiş olduq. İndi isə qadın kollektivləri olmayan elita təmsilçiləri barədə danışaq.

Misal üçün, Azərbaycanı hər mövsüm avrokuboklarda, ələlxüsus UEFA Çempionlar Liqasında təmsil etməyə əsas namizədlərdən olan "Qarabağ" klubunun qadınlardan ibarət komandası yoxdur. Ağdam təmsilçisinin mətbuat katibi Gündüz Abbaszadə isə məsələylə bağlı bunları söylədi:

"Çempionlar Liqasında oynamaq hər mövsüm "Qarabağ" klubunun əsas hədəfidir. Bir dəfə də bununla bağlı təcrübəmiz olub. Əlbəttə ki, qadın komandasıyla bağlı planımız var və bu yöndə işlər gedəcək. Əgər bu turnirdə çıxış etmək istəyiriksə, şübhəsiz ki, bu tələbə əməl etməliyik. Ancaq hələlik UEFA-dan bununla bağlı klubumuza hər hansı məktub və ya yazılı xəbərdarlıq daxil olmayıb. Qurum bizə rəsmi müraciət ünvanlasa və bunun məcbur olduğunu bildirsə, təbii ki, qadın komandası yaradacağıq".

Qadın komandası olmayan klublardan biri də "Zirə"dir. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv bu mövsüm Azərbaycanı avrokuboklarda təmsil edəcək komandalardan biridir. Bəs "qartallar" 2023/2024 mövsümü üçün qarşıya qoyulan tələblə bağlı hansı addımı atacaq? Sualımızı "Zirə"nin sözçüsü Elmar Abdullazadə cavabladı:

"Hazırda klublarda qadın komandasının olmağı A dərəcəli meyar deyil. Bu həm yerli çempionat, həm də UEFA-nın keçirdiyi yarışlara aiddir. Bəzən Avropa kubokları və yerli çempionatla bağlı lisenziya şərtləri fərqlənsə də, qadın komandası ilə bağlı məsələdə hər iki yarışa ərizə tələbi eynidir. Hazırda bu A yox B meyarıdır. Və qadın komandasının olmasını vacib edən şərtin nə vaxt olacağı ilə bağlı rəsmi məlumat yoxdur".

"Səbail" klubu da bu qəbildəndir. Bu komandanın da qadın kollektivi yoxdur. Bəs, "dənizçilər"in planı nədir? "Səbail"in qadın sözçüsü Mehriban Mürsəlova sualımıza bu cür cavab verdi: 

"Bu məsələ klubun gündəmində var. Bunun üçün düşünməyə vaxtımız da var. Ki, plan haqda geniş fikirləşək və götür-qoy edək. Sadəcə, onu deyə bilərəm ki, planımızda belə bir məsələ var".

Qadın komandası olmayan 4 klubdan biri də "Sabah"dır. "Tələbələr" bu istiqamətdə hansı işləri görəcək? Mözvuyla bağlı klubun mətbuat katibi Elnur Həmidova tribuna verdik:

"Klubumuz tərəfindən hər mövsüm həm ölkə çempionatında, həm də avrokuboklarda iştirak üçün tələb olunan lisenziya şərtlərinə əməl edilir. Gələcəkdə avrokuboklarda iştirak üçün bu cür tələb qoyulsa, bu məsələ klub daxilində müzakirə edilərək müvafiq qərar veriləcək. Lakin hələ ki, bu məsələ gündəmimizdə deyil".

Daşqın ƏZİZ