İdman ömrünün səhifələri

Seçdiyi peşədə uğur qazanmaq istəyən hər bir şəxs iradəli olmalı, qarşıya çıxacaq çətinlikləri aşmaq üçün özünü psixoloji və fiziki baxımdan hazırlamalıdır. Bunun üçün insana təkcə işinin ustası olmaq kifayət etmir. Daim öz üzərində işləmək, yeniliklərə açıq olmaq, zirvəyə can atmaq önəmlidir. Kiçik detallara həssaslığı ilə seçilən idman fəaliyyəti ekstremal rəqabət şəraitində həyata keçirilir. Idman karyerası 4 əsas hissədən ibarətdir.

- İlk mərhələ erkən yaşlardan başlanır. Valideyn və müəllimlər energetik və müvafiq potensiala malik uşaqları istiqamətləndirməli, onlarda idmana həvəs oyatmağa çalışmalıdır. Uşaq özünə uyğun idman növünü müəyyənləşdirəndən sonra baza təlimatı üzrə məşqlərə start verilir. Yaş artdıqca təkmilləşdirilən məşqlər yeniyetməlik dövrünün sonunda idmançının peşəkarlığa qədəm qoymasına imkan yaratmalıdır.

- Peşəkar karyeranın başlanğıcı adətən 19-20 yaşlara təsadüf edir. Gənc idmançılar, bir qayda olaraq bu mərhələdə problemlər yaşayırlar. Birincisi, kəskin rəqabətə davam gətirmək vacibdir. Yeni adlar klublar, milli komandaların heyətinə düşmək üçün öz həmyaşıdları və daha təcrübəli həmkarlarından geri qalmamalıdır.

   Psixoloji cəhətdən "sınmaq" karyeraya ən ciddi təhlükələrdən biridir. Bundan sonra məşqlərə etinasızlıq, günlük rejimə əməl etməmək kimi halların ortaya çıxmaq ehitmalı var. Əksinə, çox etimad göstərilən və ya media tərəfindən yersiz şişirilən gənc idmançının arxayınlaşması və inkişafdan qalması da mümkündür. Təhsilin idmançının həyatında əhəmiyyətinə Offsideplus-un əvvəlki araşdırma yazısında ətraflı toxunulub.

- Idman karyerasının növbəti mərhələləri kuliminasiya və sonluqdur. Peşəkar fəaliyyətin ilk illərindəki sınaqlardan alnıaçıq çıxan şəxs daha sonra əldə etdiyi statusu saxlamağı və lazım olduğu anda idmandan getməyi bacarmalıdır.

Bir əldə təhsil və idmanı tutmağın yolları

Təhsil və idman insan şəxsiyyətinin formalaşmasında iştirak edən amillərdir. Əksər idman növlərində zəruri vərdişlərin formalaşması, fiziologiyanın adaptasiyası üçün uşaqların kiçik yaşlarından məşqlərə cəlb olunması tövsiyə edilir. Adətən uşağın idman nəticələri və maraqları irəlilədikcə təhsil göstəriciləri nəzəçarpacaq dərəcədə zəifləyir. Uşaqların erkən yaşlardan yalnız təhsilə diqqət yetirməsi və ya buna məcbur etdirilməsi fiziki inkişafa ciddi təsir göstərir. Elmi araşdırma və müşahidələr təkcə idmana üstünlük verməyin fəsadlarını da üzə çıxarmışdır.

Həyatı intensiv məşqlər və zallarla məhdudlaşan kəs həmin mühitdən kənarda dost tapmaqda çətinlik çəkə bilər. Ona görə uşağın erudisiyasını inkişaf etdirmək lazımdır ki, müxtəlif maraqlara malik insanlarla ünsiyyət qursun. Bir sıra idmançılar karyerasını başa vurduqdan sonra həyatında böyük boşluq hiss etməyə başlayır. Bu səbəbdən depressiyaya düşməmək üçün öncədən alternativlərin olması mühümdür.

- Repetitorlardan istifadə və fərdi məşğələlər. Hazırda məktəb şagirdlərinin böyük qismi dərs proqramını mənimsəmək üçün əlavə hazırlığa ehtiyac duyur. Azərbaycanın peşəkar idmançıları isə əsasən xarici dil öyrənmək məqsədilə repetitor tutur və ya kurslara gedir. Aşağı yaşlı idmançıların təhsildən geri qalmamasında bu üsula müraciət etmək mümkündür.

- Gündəlik plan tərtib etmək. Vaxt itkisnə yol verməmək, ondan səmərəli istifadə etmək üçün təhsil və idmana ayrılacaq zamanı müəyyənləşdirmək vacibdir. Uşağın əyləncə, gəzinti tələbatını da unutmamaq məsləhətdir. Rejim cədvəlinin hazırlanmasını idman müəlliminə, yaxud xüsusi mütəxəssisə həvalə etmək olar.

- Distant təhsil. COVİD-19 pandemiyasının məşhurlaşdırdığı bu metodun tarixi əslində illər öncəyə aiddir. Məsafədən təhsil gənc idmançıya hətta məşq etdiyi məkanı tərk etmədən dərsə qoşulmağa imkan yarada bilər. Digər tərəfdən, yerli təhsil müəssisələrinin buna şərait yaradıb yaratmayacağı sual altındadır.

“Məşqçi güclü uşaqları oynatmağa məcbur olur”

sekil 2

   Gənc idmançıların motivasiyadan düşməsinə psixoloji amillərdən başqa fiziki hazırlıqda bağlı çatışmamazlıqlar səbəb ola bilər. Statistikaya görə (2019), Azərbaycanda məktəblilərin 10 faizi hərdən, 7 faizi isə daimi olaraq siqaret çəkir. Fiziki göstəricilərin aşağı düşməsinin kökünü, eyni zamanda yanlış qidalanma rejimi, həyat tərzi, bəzən məşqlərə könülsüz və biganə yanaşmada axtarmaq lazımdır. Uşağı fiziki məşqlərdən bəzən müəllimlərin özləri soyudur. Aşağı yaşlarda gərgin çalışan, fiziki baxımdan yüklənən insan, ehtimal var ki, sonradan buna antipatiya ilə yanaşsın. Fiziki cəhətdən “axsayan” yeniyetmənin üzərində təzyiq formalaşır. Ona üstün gələ bilmədikdə psixoloji böhran, sürətlə geriləmə və s. meydana çıxır. Qarşısında konkret hədəflər olan məşqçilər də belə situasiyaya düşən yetirmələri ilə lazımi səviyyədə maraqlana bilmir. Milli komandandamızın keçmiş üzvü, hazırda “Neftçi” Futbol Akademiyasının məşqçisi, Alim Qurbanov bu məsələdə Avropa təcrübəsinin təsirli olacağını düşünür.

   “Bilirsiz, rəhbərlik məşqçi qarşısında tapşırıq qoyur ki, komanda 1-3-cü yerləri tutmalıdır. Məşqçi güclü uşaqları oynatmağa, nisbətən zəifləri ehtiyatda saxlamağa məcbur olur. Mən işlədiyim müddətdə nailiyyətə oynamamışam, yaxşı futbolçu yetişdirməyi əsas saymışam. Misal üçün, Avropada aşağı yaş qruplarının qarşısına nəticə qazanmaq vəzifəsi qoyulmur. Uşaqlara rahat oynamağa imkan verirlər. Bizdə də oxşar praktikadan istifadə olunmasını istərdim. Rəhbərlik çempionluq gözləyəndə məşqçi bu gözləntini doğrultmasa, istefaya göndəriləcəyini düşünür.

   Birinci Diviziondan neçə ildir, Premyer Liqaya komanda gəlmir. Onda niyə bu turnir keçirilir? Yaxşı olmazdımı, əsas liqada iştirakçı komandaların sayı 12-ə çatdırılsın? Həmin klubların əvəzedici heyətindən bir sıra istedadlı gəncləri futbol adına qazanmış olardıq. Baxın, 20-25 il əvvəlki klublarımızda nə qədər gənc futbolçular vardı. Mahmud Qurbanov 18 yaşında əsas heyətdə oynayanda mən topdaşıyan idim. Elə Zaur Tağızadənin özü olsun. İndi məşqçilər gənc futbolçunu meydana buraxmağa çəkinirlər. Amma imkan düşdükcə buna şərait yaratmaq lazımdır".

Bəzən valideynlərin özünə yol göstərmək lazım olur

sekil 3

    İnsan təbiətinə xas olan bütün nəsnələrin təməli ailədə qoyulur. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin həm konsitutsion, həm də ictimai vəzifəsidir. Araşdırmaçıların gəldiyi nəticəyə görə, uşaqların idmana yanaşması, özlərinə nümunə seçməsini valideynləri ilə münasibətləri müəyyənləşdirir. Ailə dəstəyi uşağın bacarığını dərindən qavraması və uğursuzluğun neqativ zərbələrindən minimum zərərlə yayınmasına, motivasiyaya kömək edir.       

   Bəzən valideynlərin təzyiqi,həmçinin bir idman karyerasının başlamadan sona çatmasına gətirib çıxarır. Bu təzyiqlər müxtəlif xarakterli ola bilər: uşağın zədələnməsindən ehtiyat etmək, dərslərinə vaxt ayırmayacağından narahatlıq, maddi çətinliklər və s. Valideynlər uşağın nəticələrinə görə məsuliyyət hiss edir, bununla özləri də psixoloji yük altına girirlər.

   Valideyn-uşaq maraqlarının toqquşmasına da çox rast gəlinir. Belə ki, bir sıra hallarda valideyn övladını onun maraq göstərdiyi yox, özünün arzuladığı idman növünə göndərməyə cəhd göstərir. Bunu "reallaşdırılmamış ambisiyalar sindromu" adlandırmaq mümkündür. Vaxtilə istədiyi növdə məqsədinə çata bilməyən şəxs övladının simasında ikinci şans qazandığını düşünür. Ailənin stereotiplərə baxış tərzi də nəzərə alınmalıdır. Məsələn, qızlara ağır atletika, futbol, boks və s. məşğul olmağa icazə verilməməsi. Sadalanan problemləri valideynlərlə düzgün iş aparmaqla azaldıla bilər.

Alim Qurbanov bu mövzuda akademiya müəllimlərinin ailələrə mümkün qədər yardımçı olduqlarını qeyd edir:

"Düzü, mən valideynlərdə səhv görürəm. Akademiyada dərs, məşq və hazırlıqlara gedən uşaqlara çox rast gəlmişəm. Hazırda elitada 8 klubumuz var. Klubların müxtəlif yaş qruplarında oynayan uşaqların hər biri peşəkar futbolçu olsa, bizə bəsdir. Onların bir hissəsi təhsilin dalınca gedir, bir hissəsini futbola küsdürürlər. Valideyn də çalışır ki, övladı gələcəkdə yaxşı iş tapsın. Mən onları da qınamıram. İndi hələlik vəziyyət budur.

Futbolla məşğul olanlar əsasən orta təbəqənin nümayəndələridir. Valideynləri başa salmaq, uşaq psixologiyası barədə məlumatlandırmaq lazımdır. Biz uşaqlara həmişə birinci növbədə təhsili qeyd edirik. Onlar 16-17 yaşına çatıb futbolçu karyerası alınmayanda valideyn bizə irad bildirir ki, bu uşaq təhsil də almadı, futbolçu da olmadı. Nə edək? Əlimizdən gəldiyi qədər valideynlərə də, gənc nəslə məsləhət verməyə çalışırıq”.

   ABŞ-da 1994-cü ildən valideynlər üçün "Amerika İdman Təhsil Proqramı" (ASEP) işlənib hazırlanmışdır. Burda gənc idmançıların tərbiyəsi üzrə praktiki təlimatlar və onların öhdəlikləri öz əksini tapıb. Mövsümün əvvəlində toplantılar təşkil olunur. Həmin yığıncaqlarda məşqçilərin kvalifikasiyası, hazırlıq proqramının fəlsəfəsi, valideyn və müəllimlərin rolu, idman davranışı və kollektivin qaydaları müzakirəyə çıxarılır. Məşqçi və valideyn arasında çevik kommunikasiya qurulmasına cavabdeh şəxs də seçilə bilir.

Sağlam rəqabətə “lay-lay” deyən “day-day”

sekil 4

   İdmanı seçən gənc nəslin nümayəndələri peşəkarlıq mərhələsinə çatanda, həm də süni və bürokratik əngəllərlə üzləşir. Gənclərin təmsil etdiyi qurumların əsas və ya milli komandalarına düşə bilməməsi idman sferasında növbəti problemi ön plana çıxarır. Bu, müəyyən vəzifəli şəxslər tərəfindən himayəçilik göstərilən, maddi cəhətdən imkanlı idmançılara şərait yaradılması ilə bağlıdır. Haqsız rəqabətə səbəb olan analoji tendensiya sadə dildə "dayı", pul hesabına irəli getmək kimi tanınır.

   "Day-daylıq" mahiyyətcə,bir şəxsin digər şəxsə imtiyaz (güzəşt) əldə etmək üşün vəzifə səlahiyyətlərindən istifadə etməsi deməkdir. Bu isə "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan idmanında tapşırma və ya himayədarlığı qeyri-rəsmi ənənə də adlandırmaq mümkündür. Demək olar ki, hər növdə uşaqlıqda perspektiv vəd edən, amma bu səbəblərdən idmandan uzaqlaşanlar çoxdur. Məşqçilərin və ya federasiya tərəfindən qeyri-qanuni istənilən pulu ödəmək imkanı olmadığından idmandan getmək məcburiyyətində qaldığını deyənlər də az deyil. Ağırlıqqaldırma üzrə dünya (2015) və Olimpiya (2016) çempionu, həmyerlimiz Nicat Rəhimov kifayət qədər tanınır. Qazaxıstana Rio-de-Janeyro Olimpiadasında 77 kq-a qədər çəki dərəcəsində qızıl medal qazandıran atletin ölkə xaricinə yollanmasına yuxarıda sadalanan halların təsir göstərdiyi danılmazdır. Hazırkı vaxtda milli futbolumuzda əsasən legionerlərin funksionerlər tərəfindən himayə olunduğu fikri dolaşır. Bu iddianı sübut etmək üçün maraqlı arqumentlər ortaya qoyulur.

   Məsələn, Rusiya doğumlu milliləşdirilmiş hücumçu Daniel Axtyamov yığmada keçirdiyi 13 oyunda 1 qol belə vura bilməmişdi. Onunla bağlı xatırlanacaq yeganə məqam 2009-cu ildə baş tutan Azərbaycan -İspaniya matçında (0:6) cərimə zərbəsindən vurduğu topun əfsanəvi qapıçı Kasilyas tərəfindən çətinliklə dəf olunmasıdır. Danielin atası Rasim Axtyamovun 1970-ci illərdə "Neftçi"nin qapıçısı olduğunu qeyd edək. Dağıstanlı legionerlər Məhəmməd Mirzəbəyov, Məhəmməd Qurbanov barədə oxşar fikirlər səsləndirilirdi. Bir sıra media mənsubları onların həvəskar səviyyədə oyunçu olduğu barədə radikal fikirlər səsləndirirdilər. Yerli azarkeşlər formada olduqları vaxtlarda belə Emin Mahmudov, Namiq Ələskərovun milli komandadan kənarda qalması, çağrılanda isə əksər hallarda meydana buraxılmamasını onların "day-day" kölgəsindən məhrum qalmasına bağlayıb. Yığmanın hücum potensialını gücləndirə biləcək Ağabala Ramazanova şans verilməməsi də müzakirə mövzusudur.

   “Qəbələ” Futbol Akademiyasının yetirməsi, Azərbaycanın 19 yaşadək yığma komandasının üzvü Taleh Qarayevin atası Zaur Qarayev bu halın kritik həddə olmadığını düşünür.

   “Ata birinci növbədə övladının dostu olmalıdır, onu düzgünlüyə öyrətməlidir. Talehi U19-a dəvət edirdilər. Avqustdakı son təlim-məşq toplanışına çağrılmadı. Onunla söhbət etdim və son qarşılaşmalarda zəif oynadığını etiraf etdi. Uşağı başa salmaq, ruhlandırmaq lazımdır. Düzü, futbolda "dayı" məsələsinin 5-10 faiz qaldığını düşünürəm. Mən məşqçi olsam, komandamda keyfiyyətli futbolçuların oynamasına çalışaram. Kiməsə görə mənə söz gəlməyini istəmərəm. Çünki sabah məndən hesabat soruşacaqlar.

   Elə valideynlər var ki, uşaqlar gəlib müəyyən yaşa çatdıqda onun idmanlıq olmadığını düşünüb başqa şeyə yönləndirir. Bu gün Azərbaycan futbolunun həm pandemiya, həm digər səbəblərdən gerilədiyi heç kimə sirr deyil. Amma mən Talehə heç vaxt deməmişəm yolunu dəyişsin, özü də bunu düşünmür,. Kəskin valideyn müdaxiləsinə yaxşı baxmıram. Bu, gələcəkdə uşaqda natamamlıq kompleksi yarada bilər”.

Bizimkisi milliləşdirilmə hekayəsi…

sekil 5

   Gənc idmançılara həlledici məqamlarda yaradılan süni maneələrə rəvac verən digər məqam legionerlərə ifrat həddə etimad göstərilməsidir. Azərbaycanda milliləşdirmə dalğası tək komanda növlərində yox, cüdo, güləş, boksda da müşahidə olunmaqdadır. Daxili tələbatı ödəməkdə çətinlik çəkən idman təsərrüfatımız ixrac (milliləşdirmə) hesabına vəziyyətdən çıxmağa çalışır. Son zamanlar əsas milli üçün ehtiyat bazası sayılan aşağı yaş qruplarında legionerlərin sayı artır. Bu vəziyyət xüsusilə futbolda qabarıq nəzərə çarpır. U21, U19, U17 yığmalarında milliləşdirmənin nəyə xidmət etdiyini anlamaq çətindir.

   Yerli idmançıların legionerləri rəqabətdə sıxışdırıb aradan çıxardığı hallar da olub. Güləşdə Hacı Əliyev 60 kq çəki dərəcəsində çeçen mənşəli Zəlimxan Hüseynovu üstələdikdən sonra beynəlxalq turnirlərdə də medal kolleksiyasını zənginləşdirmişdi. Əngəlləri aşmaq üçün əksər hallarda çalışqanlıq, iradə yetərli olur. Azərbaycanın 4 qat Olimpiya mükafatçısı, qadın güləşinin əfsanəsi Mariya Stadnik də saytımıza açıqlamasında heç nəyə baxmayaraq, təslim olmamağın vacibliyini vurğulayıb.

   "İnsana təsir edə biləcək düzgün motivasiya üsulundan istifadə etmək lazımdır ki, çətinliklər qarşısında təslim olmasın. Gənclərin idman həyatında bəzən valideynləri təsir göstərir. Bu halda məşqçilər avtoritetə malik olmalıdır. Valideynlərə şərti sərhəd qoymalıdır ki, zalda yalnız onun sözü keçir. İdmançı təhsili unutmamalı, idmanla paralel  mütləq ona da fikir verməlidir".

   4 qat Olimpiya mükafatçımız kütləvi milliləşdirilmənin yerli gənclərin ortaya çıxmasına mənfi təsiri barədə sualımızı cavabsız buraxmağa üstünlük verdi. Mariyanın seçiminə hörmətlə yanaşır, susqunluğunun səbəbini də anlayırıq.  

  Bu problemi həll edə biləcək mexanizm var. Federasiyalarda müstəqil, səlahiyyətli mütəxəssislərə yer verilmək olar. Onlar mərkəzdə və regionlarda gənc idmançıların üzə çıxarılması istiqamətində seleksiyaçı məşqçilərlə sıx çalışmalıdır. Bu məsələ Gənclər və İdman Nazirliyi səviyyəsində nəzərdən keçirilə bilər. Yerli idmançılar yetişdikcə rəqabət də artacaq və seçim imkanı çox olan yerdə legionerlərə ciddi ehtiyac qalmayacaq.

İdmançı yetişdirmək xeyli zaman və zəhmət tələb edən işdir. Ölkələr bu məqsədlə milyonlarla pul xərcləyib idman infrastrukturu qurur, proqramlar qəbul edir, layihələr həyata keçirir. Lakin düşünülməmiş bir qərar, planlaşdırılmayan zədələr illərin əziyyətini bir anda yerə vura bilər. Gələcəyin idmançılarını vaxtından əvvəl itirmək isə daha acınacaqlıdır. Buna imkan verməmək üçün peşəkarlığa addım atan gəncləri düzgün təlim-tərbiyə etmək, çətinliklərə qarşı vaksinləmək lazımdır.

1627377871 1626962283 1626442780 1625744715 1625297110 media agentlik
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə (6.3.19-cu yarımbəndi-uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə) hazırlanmışdır.