"Gəzinti mənim fikirlərimi canlandırır. Hərəkətsiz qalanda, demək olar ki, düşünə bilmirəm. Bədənimin hərəkətdə olması ağlımın hərəkətinə səbəb olur" - bu sözlər İntibah dövrünün görkəmli nümayəndəsi, fransız filosof və yazıçı Jan-Jak Russoya məxsusdur. Dövrünün görkəmli elm və dövlət xadimi bununla insanın fizioloji və zehni xüsusiyyəti arasında mövcud olan mühüm əlaqəyə işarə vurur. Təhsil və idman şəxsiyyətin formalaşmasına təsir göstərən amillər olmaqla hər zaman diqqət mərkəzində olmuşdur.

Fiziki tərbiyə istənilən fəaliyyət növü üçün zəruri olan müstəqil qərar vermək qabiliyyəti kimi mühüm rol oynayır. Bu səbəbdən orta məktəblərdə fiziki tərbiyə və idman təhsil prosesinin elementi hesab edilir. İdman bir tərəfdən uşaq və yeniyetmələrə sağlam həyat tərzini aşılamaq, onları zərərli vərdişlərdən uzaq tutmaq, digər tərəfdən zehni yorğunluğu aradan qaldırmağa xidmət edir.

Bu iki anlayışın əks qütblərə çəkilməsinə də tez-tez təsadüf olunur. Təhsil və idmanı uzlaşdırmaqda problemlər yaşayan uşaqlar bunlardan birini ikinci plana atmağa məcbur olur.

“Azərbaycanda kim ki zəif oxuyur, idmana yönəlir”

Peşəkar idmançıların arasında təhsili və dünyagörüşünə görə seçilənlər az deyil. Lakin elə şərait yaranır ki, qədim yunan filosofu Diogen kimi gündüz işığında ələ fənər götürüb fikirlərini dolğun və anlaşıqlı ifadə edən idmançı axtarışına çıxmaq istəyirsən. Təhsil üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, idmançı intellektini və nitqini zənginləşdirmək üçün müntəzəm olaraq öz üzərində işləməlidir.

WhatsApp Image 2021 08 11 at 17.01.35

"Azərbaycanda idman təhsili sahəsində ixtisaslaşmış Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası mövcuddur. Sumqayıt, Gəncə, Naxçıvan Dövlət Universitetlərində, BDU-nun Qazax filialında isə idman ixtisasları yaradılıb. Bu ixtisas, öz növbəsində məşqçilik, idman jurnalistikası, fiziki tərbiyə və çağırışaqədərki hazırlıqdan ibarətdir. Azərbaycan mətbuatında əsasən yerli futbolçular və digər növlər üzrə beynəlxalq turnirlərdə müntəzəm iştirak edən idmançıların açıqlamaları yer alır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən beynəlxalq yarış və olimpiadaların qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul olurlar, amma daha sonra təhsil prosesində iştirak etmirlər.

Bunun məntiqi nəticəsi kimi onların danışıqlarında qeyri-peşəkarlıq hiss olunur. Standart sözlərdən istifadə edir, bəzi hallarda gülüş obyektinə çevrilirlər. Hazırki idmançılarımızın real savad göstəricilərini qənaətbəxş hesab etmək olmaz. Müqayisə etmək istəmirəm, amma dünya futbol ulduzları bir neçə dildə sərbəst danışıq qabiliyyətinə malikdir. Məsələn, Türkiyə bayrağı altında çıxış edən Ramil Quliyev türkcə heç səlis danışa bilmir. Fikrimin səhv anlaşılmasını istəmirəm. Ancaq Azərbaycanda kim ki zəif oxuyur, idmana yönəlir. Onlarla peşəkar PR menecerlər işləmir. Bizdə daha çox məhəllə mühitində işlənən ifadələr ön plana çıxır. Sənə sual veriləndə hansısa məmura təşəkkür etməyə ehtiyac yoxdur. Kimsə düşünə bilər ki, idmançının işi savadlı danışmaq deyil. Bunu düzgün hesab etmirəm. Mən özüm Ronaldunun məşq prosesi ilə tanış olmuşam. Onun dil öyrənməsi, azarkeşlər önündə davranışı ilə xüsusi məşğul olan mütəxəssislər var. Bizdə bunlar varmı? Fikirlərini dolğun ifadə etmək üçün gün ərzində  üzərilərində yarımsaat işləməkləri onlara çox fayda verər”. 

Əsədov problemin həllinə “Təhsil haqqında” Qanuna dəyişiklik etməklə başlamağı zəruri sayır:

“Mövcud təhsil qanunvericiliyimizə görə, orta məktəblərdə idman dərsləri keçirilir. Uşağın hansı idman növünə maraq göstərməsi, buna nə dərəcədə yararlı olması müəyyənləşdirilməlidir. Gənclər və İdman Nazirliyi ilə Təhsil Nazirliyinin mövqeyi burada toqquşur. Uşaq idman klublarına gedirsə, təhsilində tarazlığın pozulmamasına məcburdur. Uşaqlar beynəlxalq yarışlara gedəndə dərsdə problem yarana, hətta sinifdə qala bilərlər. Bunun üçün "Təhsil haqqında" Qanuna dəyişiklik etmək zəruridir.

Ötən il "Neftçi"nin B komandasında oynayan 4 istedadlı uşaq qəbul imtahanından keçməmişdi. Mənim tövsiyəmlə valideynlər Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadəyə müraciət etdi və iş yoluna qoyuldu. Cüzi nəticə göstərmiş belə uşaqlara müsabiqədənkənar ali təhsil almağa şərait yaratmaq lazımdır. Bu, eyni zamanda onların hərbi xidmətdən 4 il möhlət alıb seçdikləri idman növü ilə məşğul olmasına kömək edərdi. Çünki hərbi xidmətə yollanan idmançılar bir sıra hallarda Mərkəzi Ordu İdman Klubuna (MOİK) cəlb olunmur və ya ona uyğun gəlmirlər. Uşaqların təzyiq altında qalaraq həm təhsil, həm də idman karyerasını korlaması yaxşı hal deyil.”

Müsahibimizin fikrincə, Azərbaycanda idmana yanaşma forması ənənəvi qəlibdən çıxarılmalıdır.

“Reallıq budur ki, indi idman ixtisaslarını yazanlar digər 4 qrupda müsabiqə şərtlərini ödəməyən şəxslərdir. Tələbə adını qazanmaq üçün seçim edənlər ali təhsilini başa vurandan sonra tamamilə başqa yol tuturlar. Az bir qisim orta məktəblərdə idman müəllimi kimi çalışır və ya hüquq-mühafizə orqanlarına gedirlər. Başqa sözlə, peşəkar idmançı universitetə qəbul olmur, onun yerində idmana fayda verməyəcək biri oturur. Bilirsiniz ki, bizim futbol akademiyaları "Real", "Barselona", PSJ akademiyaları kimi deyil. Ordakı mütəxəssislər topu neçə dərəcəli bucaq altında atmaqdan, sürəti nizamlamaqdan tutmuş hər şeydən danışırlar. Bizdə futbol akademiyalarında işləyən məşqçilər isə, əsasən PRO, A kateqoriyası ala bilməyənlərdir. Tokioda keçirilən Olimpiadanı gördünüz. Azərbaycan uzun müddətdən sonra Olimpiya oyunlarını qızıl medalsız başa vurdu. Səbəblərdən biri də budur ki, idmançı resurslarımız tükənir."

“Bu dövrdə intellektsiz futbol oynamaq alınmaz”

   Keçmiş SSRİ və bir sıra Asiya ölkələrində gənc nəslin fiziki hazırlığı, eləcə də idmanın müəyyən növlərinə yönəldilməsi işini Uşaq-Gənclər İdman Məktəbləri (UGİM) həyata keçirib. Hazırda, Avropa və ABŞ-da bu sistemin təkmilləşdirilməsinə əsaslanan və zəngin proqrama malik akademiyalar fəaliyyət göstərir. Azərbaycanda vaxtilə UGİM-ümumtəhsil məktəbləri əlaqəsi intensiv olsa da, indiki halda analoji münasibət az-çox şahmat sahəsində qalmaqdadır.  Şahmat məktəbləri hazırda Təhsil Nazirliyinin nəzarətindədir. Offsideplus.az bu məsələ ilə əlaqədar ətraflı araşdırma aparmışdı.

Beynəlxalq təcrübədə şahmatla yanaşı, atletika, futbol akademiyaları da geniş yayılıb. Futbol akademiyalarında dərs proqramı UEFA və FİFA-nın müəyyənləşdirdiyi əsaslarla hazırlanır. Ölkədə ilk futbol akademiyasının yaradılması "Qəbələ"nin adı ilə bağlıdır. Klubun 2008-ci ildə təşkil olunan akademiyası maliyyə çətinliklərinə baxmayaraq, işinə davam edir. “Qəbələ” Futbol Akademiyasının direktoru Nail Kərimov mövzu ətrafında danışarkən mövcud problemlərə də toxunub:

WhatsApp Image 2021 08 11 at 17.01.36 2

"Təhsil və idmanı bərabər daşımaq əlçatmaz görünməməlidir. Məsələn, Yaponiyanın ali təhsil ocaqlarında dərslər ağır olduğundan tələbələrin idmana vaxt ayırması üçün onlar universitet komandalarına cəlb olunur. Həmin komandaların iştirakı ilə keçirilən turnirlər kifayət qədər səviyyəyə malikdir. Azərbaycanda mexanizmi işə salmaq, hələlik çətindir. Doğrudur, bir sıra hallarda orta, ali məktəblərdə təhsil alan yeniyetmə və gənclərin məşğul olduğu idman növü üzrə yarışlara getməsinə şərait yaradılır. Futbolçuların həyat tərzini müəyyənləşdirməyə, onları səhvlərdən yayındırmağa görə təhsil mütləq idmançılar akademik dildə müsahibə verməsələr də olar. Əsası fikirlərini anlaşıqlı ifadə etsinlər.

Deyərdim ki, müasir dövrdə idman təhsilə mane olur. Uzlaşmaya nail olmaq və maraqların toqquşmasını aradan qaldırmaq olar. Amma konkret işlər görmək vacibdir.

Əlbəttə, yaxşı şagird istisnadır. Akademiyamızda elə uşaqlar olub ki, futbolu həvəskar plana keçirib təhsilin dalınca gediblər. Sonralar, həm də yaxşı ali təhsil alıblar. Hazırda prezident təqaüdçüsü adına iddia edən abituriyent futbolçumuz var. Buna baxmayaraq, "yaxşı şagird" nümunəsi bütün cəmiyyətə tətbiq edilə bilməz. Ona görə uşaqların təhsil və idmanda potensialını tam açmasına təsir göstərən kənar əngəlləri neytrallaşdırmaq tələb olunur.

Bu dövrdə intellektsiz futbol oynamaq alınmaz. Daha doğrusu, müzakirə mövzusu təhsil və intellekti futbolda necə istifadə etməkdir. Futbolçu özünə, komandasına, olduğu mühitə fikir verməli, yaşca böyüklərin məsləhətlərinə etinasızı yanaşmamalıdır. Təəssüf ki, ölkəmiz müstəqillik qazanandan bəri futbolçuların təhsil səviyyəsində nəzərəçarpan irəliləyiş yoxdur. Halbuki, sözügedən məsələnin üzərində ciddi dayanmaq lazımdır. "Qəbələ" Futbol Akademiyasının maliyyə imkanları daha yaxşı olanda, bu yöndə maraqlı planlarımız var idi, həyata keçirmək qismət olmadı.".

“Məşqçilərlə danışmaq lazımdır ki, uşaqları dərsdən soyutmasınlar”

İdmançı ilk öncə öz əhatəsində, uğurlar qazandıqca isə cəmiyyətdə daim izlənilən fiqura çevrilir. Məşhurluq statusu qazanan idmançını azyaşlı uşaqlar və yeniyetmələr özlərinə kumir seçirlər. Güclü xarakter idmançını pərəstişkarlarının, həmkarlarının gözündə daha da ucaldır. İntellektindən çox ərköyünlük, etik davranışa riayət olunmaması və yetkin insana yaraşmayan hərəkətləri ilə gündəmə gələn idmançılar təbii olaraq hörmətdən düşməyə başlayır.  Bəs idmanı seçən yeniyetmə və gənclərin təhsilinə nə dərəcədə diqqət yetirilir?

Təhsil psixoloqu Turan Hüseynov bildirir ki, vaxtdan səmərəli istifadə etmək ən optimal variantdır:

WhatsApp Image 2021 08 11 at 17.01.36

“Bu iki sahədə paralel olmaq mümkündür. Boş zaman əldə edən uşaq və yeniyetmə gərək onu mənasız şeylərə sərf etməsin. Hətta gələcəkdə fərqli peşələrə yiyələnməyi düşünən uşaqların da idmana vaxt ayırması məsləhətdir. Bu, onların əqli inkişafı üçün vacibdir.

Bizim cəmiyyətdə şişirdilmiş qiymətlər hesabına olsa belə əlaçılıq populyardır. İdmançı şagird yarışlarda nəticələr qazandıqca yetkinlik yaşından əvvəl bir növ özünü təsdiqləyir. Əxlaqı da yerindədirsə, həm yoldaşları, həm də müəllimləri arasında hörmət sahibi olur. Qiymət məsələsində də müəyyən güzəştlər edilir.

Qarşısına peşəkar idmançı olmaq məqsədi qoyan məktəbli uşaq onsuz da olimpiya medalına iddiaçı kimi məşq etmir. Gündəlik 1-2 saat məşq kafi hesab olunur. Məşqçilərlə danışmaq lazımdır ki, uşaqları dərsdən soyutmasınlar. Səlis danışığı olan, reklamdan pul qazanan idmançıları gənc nəslə nümunə kimi göstərmək mümkündür.  Ümumi orta təhsili başa vuran (9-cu sinif) yeniyetmələri digər fənnlərdən yığcam təhsil verən idman məktəblərinə göndərmək nəzərdən keçirilə bilər. Bu baş tutmursa, valideyn özü uşağının potensialını dəyərləndirməlidir. Məsələn, idmançı olmaq istəyən uşaqdan texniki fənnləri super bilməyi və əla qiymət almağı tələb etmək məntiqsizdir. Ən pisi konkret məqsədin və planın olmamasıdır. Valideyn və uşaq alınsa universitet, alınmasa idmanı düşünürsə, hər ikisi boşa çıxa bilər”.

Valideynin arzusu, uşağın maraqları

Bir qayda olaraq, övladını idmana yönəldən valideynlər təhsil barədə tələbkarlığı kənara qoyurlar. Uşağın çox yüklənməməsi üçün yaradılan liberal ab-hava mənfi nəticələrə səbəb ola bilər. 

Gənclərdən ibarət Azərbaycan milli komandasının üzvü, ölkəmizin ən perspektivli futbolçularından biri olan Rauf Hüseynlinin atası Bəkir Hüseynli seçim qarşısında qalanda maraq və motivasiya əsasında qərar verməyin zəruriliyini vurğulayır.

WhatsApp Image 2021 08 11 at 17.01.36 1

"Mənə görə birinci uşağın əxlaqi xüsusiyyətləridir. Akademiyada Raufun təlim-tərbiyəsi ilə yaxşı məşğul oldular, dərsləri də qaydasında getdi.

Çox istərdim ki, övladım ali təhsil alsın. Amma görürəm ki, universitet təhsili və idman bir-biri ilə düz gəlmir. İdman fəaliyyətinə görə çox dərs buraxmaq sonda təhsil müəssisəsindən xaric olunmağa gətirib çıxara bilər. 10 il qabaq orta məktəbdən Raufun sənədlərini vermək istəmirdilər ki, bu, qızıl medallıq uşaqdır, hara aparırsan? Öz istədiyini eləsən, uşaq da böyüyəndən sonra "Mənə işgəncə verdin. Arzumun arxasınca getməyə qoymadın" deyəcək.

Valideynlər övladlarına təzyiq etməməlidir. Qoy maraqları nəyədirsə, onunla məşğul olsunlar. Sevmədiyi peşəyə uşağı məcbur etmək yersizdir."

            Dolu baş yuxarı qalxmaz və ya təhsil “ulduz xəstəliyi”nə qarşı profilaktika kimi

Yeniyetmə idmançılar peşəkarlığa yeni qədəm qoyanda, adətən bir sıra çətinliklərlə üzləşirlər. Əvvəla, məşqçilər gənclərdən daha çox özünü sübüt etmiş, təcrübəli oyunçulara üstünlük verməyə çalışır. İkincisi, fiziki hazırlıq tələb olunan səviyyəyə çatmır. Bir gənc futbolçu hər hansı yoldaşlıq oyununda meydana çıxdıqdan sonra əsas komandadan kənarda qalırsa, həvəsdən düşməyə və məşqlərə ciddi yanaşmamağa başlaya bilər.

"Keşlə" Futbol Akademiyasının direktoru İlqar Hüseynovun sözlərinə görə, meydana çıxa biləcək neqativ hallara qarşı valideynlə yanaşı müəllimlər də mövqelərini aydın şəkildə göstərməlidirlər.

 "Şəxsən bizim akademiya üçün birinci növbədə duran məsələ uşağın təhsilidir. Məşqləri elə planlaşdırırıq ki, dərsdən sonraya düşsün. Oyunların vaxtını isə AFFA tənzimləyir. Təhsil və ya idman arasında övladı üçün birini daha önəmli görən valideynlər çoxdur. Akademiyamızın yetirmələrindən öz bacarığı sayəsində müxtəlif ali təhsil müəssisələrinə qəbul olanlar da var.

Uşaqlarımızın parlaq karyera qurmasına əksər hallarda psixoloji məqam mane olur. Bir balaca yaxşı oynayan kimi özündənrazılıq, ulduzluq sindromu yaranır. İnsanın həyat yolunda təhsil və idmanın birgə addımlaması mümkün olduğu qədər vacibdir. Müasir dövrdə idman növlərinə metodiki və elmi baxış formalaşır. Azərbaycan idmançılarının bu mentaliteti mənimsəməsini arzulayırıq.

1627377871 1626962283 1626442780 1625744715 1625297110 media agentlik
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə (6.3.19-cu yarımbəndi-uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə) hazırlanmışdır.