Bu gün "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Linkoln"u qəbul edəcək. İlk oyundakı üstünlük Ağdam təmsilçisinin bu görüşə daha rahat çıxmasına səbəb olacaq. Qurban Qurbanovun kollektivi ötən mövsüm Cəbəllütariq təmsilçisinə Bakıda 4:0 hesabı ilə qalib gəlmişdi. Odur ki, növbəti mərhələyə vəsiqə təmsilçimizə minimum Konfrans Liqasının qrupunda oynamağa imkan yaradacaq. Lakin oyunöncəsi mətbuat konfransında Qurbanovun da bildirdiyi kimi, "köhlən atlar"ın hədəfi Çempionlar Liqasının qrup mərhələsidir. Bir qələbə "Qarabağ"ın 11-ci dəfə avrokuboklarda iştirakını təmin edəcək.
Azərbaycanda futbol mövsümünə bir neçə gündən sonra start veriləcək. Buna görə oyunçular arasında hələ də müəyyən qədər anlaşılmazlıq var. Rəqibin erkən hesabı açması komandanın planlarını poza bilər. Son ölkə çempionu demək olar ki, heyətinin özəyini qoruyub saxlamağı bacardı. Qapı xəttinə Fabiyan Buntiç və Şahruddin Məhəmmədəliyevin transfer edilməsi də kollektivin gücünə güc qatıb. Ötən mövsüm çıxışı ilə hamımızı sevindirən "Qarabağ"dan bu dəfə də eyni uğuru təkrarlamasını gözləyirik.