Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Cəbəllütariq təmsilçisi "Linkoln Red İmps" Azərbaycan klubu "Qarabağ"la qarşılaşıb.
Qarşılaşma "köhlən atlar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə "Offside"a düşən maraqlı məqamları diqqətinizə çatdırırıq:
* Oyun Cəbəllütariq vaxtı ilə günorta saatlarında keçirilirdi. İsti hava oyunun sürətli keçməsinə mane olurdu. Bu səbəbdən də macarıstanlı referi həm ilk, həm də ikinci hissədə su fasiləsi verdi.
* Ağdam təmsilçisi qarşılaşmada dəstəksiz qalmamışdı. Müəyyən epizodlarda "Azərbaycan" sədaları eşidilirdi. Hətta ikinci hissədə bayrağımız ekranlara gətirildi.
* Oyun zamanı 2 dəfə Julio Romao ilə Marko Veşoviçin sözü çəp gəldi. Hər iki epizodda da monteneqrolu braziliyalıya əsəbiləşdi. İlk hissədə yarımmüdafiəçi ofsaydda olan komanda yoldaşına ötürmə etdi. Fasilədən sonra isə Romao uzaqdan qapıya zərbə endirdi. Lakin uyğun mövqedə olan Veşoviç ötürmə etmədi.
* 72-ci dəqiqədə Britto Marko Veşoviçə qarşı kobud oynadı. Referi onu sarı vərəqə ilə cəzalandırdı. Monteneqrolu yerdə qalan zaman Bədavi Hüseynov və Riçard Almeyda komanda yoldaşlarının yanında dayanaraq mənəvi dəstək oldular.