“Gəncə” basketbol klubunun oyunçusu Derek Rouds komandasının çıxışı barədə fikirlərini bölüşüb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, amerikalı basketbolçu komandanın çempionata uğursuz start verməsi ilə bağlı sualı cavablandırıb:

“Mövsümün əvvəlində zədəli basketbolçularımız oldu. Nəticədə müəyyən vaxtda hamımız bir yerdə məşq edib hazırlaşa bilmədik. Bu səbəbdən də, arzulanan kimi çıxış etmək mümkün olmadı. Komandanın nəticə qazanması üçün təcrübə əsas açardır. Yeni və gənc oyunçulardan ibarət komandanın nəticə qazanması üçün təcrübə əsas açardır. Heyətdə istedadlı uşaqlar var, onlar hələ bir-birlərinə tam uyğunlaşmayıblar. Bir nöqtəyə gəlib çıxmaq üçün bizə təcrübə qazanmaq vacibdir. Zamanla komanda formalaşır, basketbolçular kollektivə öyrəşirlər. Startımız uğurlu alınmayıb. Bu, təbii ki, bizi narahat edir. Amma müəyyən vaxtdan sonra hər şey yoluna düşəcək. Toparlanmalıyıq, qələbələrə doğru birgə addımlamalıyıq”.

30 yaşlı hücumçu komandanın ardıcıl səfərdə oynamasına da münasibət bildirib:

“Çempionata evdən kənarda başladıq və elə də davam etdi. Üç matç səfərdə oynamışıq. Düzdür, marafon uzundur. Artıq bu həftəsonu Gəncədə meydana çıxacağıq. Meydan və azarkeş amili tərəfimizdə olacaq. Enerjimiz və emosiyalarımız çox olacaq və düşünürəm ki, bu, bizim xeyrimizə işləyəcək. Yaxşı bir şeyin başlanğıcı olacaq”.