Şahmat üzrə Azərbaycan millisinin üzvü Rauf Məmmədov bu gün saytımıza açıqlamasında Vasif Durarbəylinin yığmaya dəvət edilməməsinə münasibət bildirmişdi.
Offsideplus.az xəbər verir ki, Məmmədovun fikirlərinə Durarbəylinin reaksiyası gecikməyib.
Qrossmeyster feysbuk profilində bunları yazıb:
"Məncə, Rauf gərək Azərbaycanın digər aparıcı şahmatçılarının izlədiyi yolla gedərdi. Ədalətsizliyə bu və digər səbəbdən göz yumardı. Bilirəm mənə qarşı baş vermiş ədalətsizlik Ukrayna məsələsi deyil ki, Rauf qəti mövqe bildirsin, sonrasında da səhifəsini silsin. 2022-ci ildə də televiziyada canlı yayında mənim haqqımda artıq fikirlər bildirmişdi. Onda jurnalist onun sözünü kəsmişdi! Mən onda ictimai fikir bildirməyə lüzum görmədim. Rauf haqqında deməyə çox sözüm var, amma uzun illər olan şəxsi münasibətimizə görə sırf dediyi fikirlərə köklənim. Mənim oyunumun göstəricisi reytinqimdir, hər dəfə kiməsə nəyisə isbatlamaq borcum yoxdur".
Vasif Raufun "2011-ci ildə reytinqə görə milli komandaya dəvət edilməli idim. Lakin çağırmadılar. Mən də şikayət etmədim" fikrinə xitabən bunları qeyd edib:
"Raufun 2011- ci ildə komandadan xaric edilmə fikri həqiqəti tam təsvir etmir. Həmin il yığma komandanın kapitanı məşhur şahmat mütəxəssisi Vladimir Tukmakov idi. Onun isə yığma komanda məşqçiliyinə öz yanaşma prinsipi var. O komanda seçiminin sırf reytinqlə yox, kapitanın ixtiyarında olmasına inanırdı. Bu barədə onun “Coaching the Chess Stars” kitabında oxuya bilərsiniz. Bizim yığma komanda ilə də təcrübəsini bölüşüb. Tukmakov 2011-ci il Dünya Komanda Çempionatında Rauf Məmmədovun uğursuz çıxışından sonra əvəzləndiyini yazır. O illərdə federasiyanın ona bu ixtiyarı verdiyi yığmanın oyunçularına bəlli idi. Şahmatı bilən güclü bir mütəxəssis, səni zəif performansına görə komandadan kənarlaşdırırsa, bunu qəbullanmaq normal haldır. 2013-cü ildə Tukmakovun gedişindən sonra komanda sırf reytinq ilə seçilməyə başlamışdı. 2019 və 2024-cü illərdə istisnalar olmuşdur. Hər iki dəfə də bəndənizin bəxtinə komandadan kənarlaşmaq düşmüşdür. Bir də Raufa xatırlatmaq istəyirəm ki, 2011-ci ildəki Avropa komanda çempionatından öncə Korsika turnirində bir otaqda qalırdıq. Onda o komandadan mütəxəssisin xaric etdiyinə görə depressiyada idi. İndi mənim sırf fikrimə görə, xaric edilməyimdən sonra vəziyyətimə daha empatik yanaşmasını ondan gözləyərdim".