2023/24 mövsümü olduqca maraqlı keçdi.
Düzdür, “Qarabağ” Premyer Liqada çempionluğu rahat əldə etdi. Lakin, avrokuboklar uğrunda mübarizə çempionata rəng qatdı.
Ümumiyyətlə, 2023/24-cü “futbol ili” Azərbaycanda maraqlı keçdi. Bunun da tək səbəbi çempionatları təşkil edən PFL idi. Qurum sözün əsl mənasında möhtəşəm işlər gördü. Uzun müddətdən sonra Azərbaycan Kubokunda normal struktur formalaşdı. 24 komandanın mübarizə apardığı turnirdə nə az, nə çox 39 oyun keçirildi.
II Liqa yenidən bərpa olundu. Burada tam peşəkar olmayan klublar iştirak edirdi. Buna baxmayaraq, turniri tərk edən kollektiv olmadı. 14 komandanın hamısı iştirakını axıra kimi davam etdirdi.
Ümumiyyətlə, PFL-in işlək mexanizmi ötən mövsüm özünü müsbət mənada isbat etdi. I və II Liqada bütün oyunlar canlı yayımla izləyicilərə təqdim olundu. Hətta Premyer Liqanın son həftələrində bir neçə görüş qurum vasitəsi ilə yayımlandı.
Azərbaycan Kubokunun 1/8 finalında Xankəndində keçirilən “Qarabağ” – MOİK matçı Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olundu. Burada həqiqətən əla işlər görüldü. Nəzərə almaq lazımdır ki, qurumun 4 əsas üzvü həmin ərəfədə ağır yol qəzası keçirdi. Buna baxmayaraq, işlər axsamadı, işlək mexanizm öz fəaiyyətini davam etdirdi.
Mövsümün sonunda kubokların yenilənməsi, bağlanış mərasimlərimin keçirilməsi müsbət məqamlardan biri idi. Azərbaycan Kubokunun finalındakı təşkilatçılığı ancaq bir sözlə ifadə etmək olar: möhtəşəm.
Bir sözlə, 2023/24 mövsümü PFL üçün çətin keçsə də, qurum bütün işlərin öhdəsindən gələ bildi. Bu uğurun bir sirri olmalıdır. Təbii ki, bu barədə çox düşünməyə gərək yoxdur. PFL işinin peşəkarı olan şəxslər çalışır. Buradakı şəxslər futbolun içindən çıxıblar. Qurumun bütün yüksək çinliləri media və ictimaiyyətlə daim əlaqədədir. PFL-də çalışanlar problemləri ört-basdır etmirlər. Gücləri çatan qədəri ilə səhvləri aradan qaldırırlar. Bunun sayəsində də qurum özü üçün işlək mexanizm formalaşdırıb.