Tanzaniya və “Genk” klubunun üzvü Kelvin Con "FIFA Series" turniri çərçivəsində Monqolustana qarşı fərqləndiyi oyundan sonra Offsideplus.az-a müsahibə verib. 

Tanzaniyalıların gələcəyinə böyük ümidlər bəslədiyi 20 yaşlı vingerin saytımıza müsahibəsini təqdim edirik:

- Azərbaycanda keçirdiyiniz oyunlardan razı qaldınmı?

- Bəli. Həm mənim üçün, həm də milli komandamız üçün ilk dəfə idi ki, Azərbaycana gəlirdik. Bolqarıstan və Monqolustana qarşı oynadığımız 2 matçdan razı qaldım. Bizim üçün çox xoş idi. Afrika Millətlər Liqasının seçmə mərhələsi oyunlarımız olacaq. Bu səbəbdən keçirdiyimiz yoldaşlıq oyunları bizim üçün əhəmiyyətli idi.

- Turnirdən öncə Azərbaycan futbolu, xüsusilə də klublar barədə bir məlumatın vardı?

- Düzünü desəm, yox. Azərbaycandakı futbol barədə heç nə bilmirəm.

- “Genk” klubu ilə müqavilən başa çatır... Azərbaycan klublarından təklif alsaydın, oynayardın?

- Bilirəm ki, mövsümün sonunda klubla sözləşməmin müddəti bitir. Lakin hələ də bu klubun oyunçusuyam. Yeni ünvanımı hələ ki bilmirəm. Azərbaycan klublarına gəlincə, futbolda hər şey baş verə bilər. Gələcəyi bilmək olmaz, hər şey baş verə bilər.

- Bakıda keçirdiyin günləri necə dəyərləndirərdin?

- Yaxşı idi, mənim üçün xoş oldu. İlk dəfə buraya gəlirdim. Hər kəs, insanlar, azərbaycanlılar mehriban idi. Burda olduğumdan məmnunam.

Günay Xəlil

photo1711468206