“Neftçi” çempionluq həsrətinə son qoymaqla azarkeşlərin üzünü güldürdü. Lakin bu, heç də asan başa gəlmədi. Mövsümün böyük hissəsində turnir cədvəlində “Qarabağ”ın gerisində yer alan bakılılar, yekunda əzəli rəqibini qabaqlamağı bacardı.

Həm klub, həm komanda, həm də gələcəklə bağlı suallara cavab tapmaq üçün “Neftçi”nin prezidenti Kamran Quliyevlə danışmaq zərurəti yaranmışdı. Klub rəhbəri iş otağında Offsideplus.az-ın çempionluqla bağlı təbrikimizi qəbul edəndən sonra suallarımızı böyük məmnuniyyətlə cavablandırdı.

- “Neftçi” 8-ci ildə çempionluq həsrətinə son qoymağı bacardı. Bir rəhbər kimi klubda, komandada nəyi dəyişdiniz?

- “Neftçi”nin ab-havasına öyrəşib, “Neftçi”də işləməyi bacarmaq, tempi tutmaq olduqca çətin məsələdir. Məsuliyyət, tələblər, təzyiqlər, əvvəlki və cari problemlər – bunlar adamı daim təzyiq altında saxlayır. Uğur qazanmağın yeganə yolu addım-addım irəliləmək idi ki, biz də bu yolu seçdik. Yekunda hədəfə çatdıq. Lakin bu hələ son deyil.

- Son 3 ildə rəhbər olaraq nəyi dəyişdiniz?

- Məndən əvvəl kluba rəhbərlik edənlər yaxından tanıdığım insanlar idi: həm Elnur Məmmədov, həm də Orxan Hüseynzadə. Vaxtilə birlikdə çalışmışıq, futbol elmini birgə öyrənmişik. Sadəcə, pis vaxta düşdülər. Devalvasiya maddi planda ciddi çətinliklər yaratdı. Ardıcıl uğurlu mövsümlərdən sonra eniş yaşandı və həmin eniş pis hiss olundu. Ona görə də ardıcıl bir neçə il problemlər özünü göstərdi. Halbuki, onlar da “Neftçi”nin yaxşı günləri üçün əllərindən gələni edirdilər.

“Mən nəyi dəyişdim” sualına gəlincə, indiyə qədər çalışdığım hər yerdə əsas məqsədim ab-havanı düzəltmək və ya qorumaq olub. Mənim üçün klubda əsas adamlar müavinlərim, ya da departament rəhbərləri deyil. Qapıdakı mühafizəçi, xadimə, inzibati heyətdəkilər – hər biri mənə əzizdir. Məqsədim onları razı salmaq, stimul verməkdir. Tək onları yox, klubda çalışan, kluba bağlı olan hər kəsi.

“Qarabağ”la həlledici oyunda tribunalardakı insanları gördünüz? Tanımadığınız insanlar var idi, deyilmi? Onlar azarkeşlər deyildi, klubun əməkdaşları idi. İndiyə qədər də kluba bağlı insanlar bazaya gəlib, kubokla şəkil çəkdirir. Deməyim odur ki, uğura çatmağın əsas yollarından biri daxildəki ab-hava, mehribançılıqdır.

IMG 5904

- Sadəcə ab-hava?

- Sadəcə ab-hava deyil. Bizə güc verən digər səbəb borcların bağlanmasıydı. “Neftçi” o dönəmdə diz üstündəydi. Lakin “Neftçi” olduğuna görə ayağa qalxmağı bacardı. Gizlətmirəm, klubun 4 milyon dollara yaxın borcu var idi. Borcları hiss-hissə qaytarmaqla ötən il tam qurtula bildik. Bu işdə sponsor tərəfdarlarımızın və avrokuboklardan gələn vəsaitin bizə böyük faydası oldu. Məhz həmin pulların hesabına borc və kreditləri bağladıq. Klub borcla yaşayırsa, orda uğur qazanmaq çətin məsələdir.

Ötən yay əsas komandaya xərclənən vəsaiti 2019/20 mövsümü ilə müqayisədə 40 faiz azaltdıq, lakin sonda çempion olduq. Nəyin sayəsində? Təcrübənin. Öncəki illərdəki səhvlərdən nəticə çıxardıq, uğura çatmaq yolunda yeni nələrisə öyrəndik. Sadə bir nümunə deyim, daha az pula keyfiyyətli futbolçular tapıb gətirə bildik.

- Son 8 ildə ölkə futbolunda “Qarabağ”ın hegemonluğu müşahidə olunurdu. Bu çempionluqdan sonra yenidən “Neftçi” erasının başlandığını demək olar?

- Bu yerə gəlib çıxmışıqsa, ilk hədəf mövqeyimizi qorumaqdır. Başqa cür ola bilməz! Bununla yanaşı, təbii ki, klub yarışlarında uğur əldə etməyi hədəfləmişik.

- Əzəli rəqib “Qarabağ”a 0:6 hesablı məğlubiyyət bəzi futbolçularınızda, hətta kapitan Emin Mahmudovla çempionluqla bağlı ciddi şübhələr yaratmışdı. Həmin an siz nə düşünürdünüz?

- Şuşanın azad olunduğu gündə o cür məğlubiyyət mənim üçün təhqir idi. Tək mənim üçün yox, “Neftçi” ailəsi üçün. Ən yaxşısı, o günlərə qayıtmayaq, yaxşı günlərdən danışaq. O cür fəlakətdən, biabırçılıqdan düzgün nəticə çıxarmaqla sonda çempion olmağı bacardıq. Komanda çökmüşdü, psixoloji durumu yaxşılaşdırdıq.

- Çempionluğun bayram edilməsində büdcənin rolu nə qədər idi?

- Klubun büdcəsi 2015-ci ildən bu yana eynidir. Dəyişən heç nə yoxdur, sabit büdcədir. Bu barədə ictimaiyyətə detallı məlumat veriləcək. Sadəcə, UEFA-dan və sponsorluq müqavilələrindən əldə olunan əlavə gəlirlər var. Fikrimcə, növbəti avrokubok mövsümündə büdcəmizi daha da yaxşılaşdıracağıq.

IMG 5907

- Keysuke Honda böyük ümidlərlə gətirildi, çempionluqda müəyyən payı oldu, müxtəlif sosial layihələrdə iştirak etdi. Lakin yeni müqavilə imzalamadı. Səbəb nə oldu?

- Gizlətmirəm, Hondanın transferi məsələsi ortaya çıxanda böyük tərəddüd içindəydim. “Gəlsə necə olar, komandaya fayda verməyi bacararmı, ümumi ab-havaya təsir etməz ki” kimi sual və fikirləri məni narahat edirdi. Gəldi, oturub danışdıq və ilk  cümləsindən təcrübəsini bizimlə bölüşmək, komandaya kömək etmək istədiyini dedi. Honda tək meydanda yox, ondan kənarda da bizə çox fayda verdi. “Milan” və ÇSKA kimi klublarda gördüklərini bölüşür, hansısa mənada faydalı olmağa çalışırdı. Keysukedən 100 faiz gözləyirdiksə, o bizə 150 faizini verdi.

- Bəs niyə qalmadı?

- Rəsmi vidalaşma olmayıb. Çünki ortada 100 faizlik qərar yoxdur. Nə Honda tərəfindən, nə də bizim tərəfdən. Qapılarımız onun üzünə açıqdır. Bilmək olmaz, bəlkə də “Neftçi”də oynamaqda davam edəcək.

- Hondanın “Neftçi”dəki maaşı haqda hərə bir rəqəm söyləyirdi. Konkret məbləği açıqlaya bilərsiniz?

- Məbləği açıqlaya bilmərəm.

- Niyə?

- Çünki aramızda məbləğ söhbəti olmayıb. Münasibətimiz hər iki tərəfə xeyir verə biləcək əməkdaşlıq üzərində qurulub. Digər tərəfdən, müqavilədəki şərtlərdən biri klubla futbolçu arasındakı sözləşmə detallarının məxfi saxlanılmasıydı. Amma əminliklə deyə bilərəm ki, Hondanın məvacibi yazılan və deyilənlərə yaxın düşəcək rəqəm deyildi.

- Hər iki tərəfə xeyir verə biləcək əməkdaşlıq deyəndə nələr nəzərdə tutulur?

- ...

(davamı olacaq)

HƏBİB