"Neftçi"nin yeni transferi Ahmed Ahmedov Premyer Liqada debüt etməyə imkan tapdı.
Offsideplus.az xəbər verir ki, "Qəbələ" ilə şənbə günü keçirilən görüşün 54-cü dəqiqəsində meydana ayaq basan türəsilli bolqarıstanlı hücumçu əlindən gələni etsə də, qol vura bilmədi. Ahmedovu azarkeşlərə daha yaxından tanıtmaq, həm də Azərbaycanda olduğu bir neçə gündə yeni komandası və ölkəmizlə bağlı suallara cavab tapmaq üçün səbəbkarla əlaqə saxladıq.
- Yeni ölkə, yeni komanda - yrəşə bilirsən?
- Çox tez öyrəşdim, hər şey normaldır. Hamı yaxşı qarşıladı, komandada özümü olduqca rahat hiss edirəm. Özüm də xasiyyətcə tez öyrəşən, qaynayıb-qarışan biriyəm. Onsuz da, bu ölkənin insanları istiqanlıdır, öyrəşməmək çətin olardı. Bu yöndə sıxıntı yoxdur.
- Adın-soyadın Azərbaycana yaxındır, özün də türkcə danışırsan. Valideynlərin, əsil-kökünlə bağlı nə deyə bilərsən?
- Biz türkük, amma Bolqarıstanda anadan olmuşam. Osmanlıdan qalan Bolqarıstan türküyük. Anam və atam da türkdür. Sadəcə, Bolqarıstanda doğulub, böyümüşük.
- Türkiyədə qohumlarınız var?
- Əlbəttə. Bursada qohumlarımız var. Ara-sıraTürkiyəyə də gəzinti üçün baş çəkirik.
- Evdə hansı dildə danışırsız?
- Türkcə. Həm də kəndimiz - Çepelce türklər yaşayan kənddir. Orda hamı türk dilində danışır.
- Bakıya gəlmədən öncə Azərbaycan və bu ölkənin futbolu barədə məlumatın vardı?
- Təbii ki, vardır. Türkiyəyə qardaş ölkədir, müəyyən şeyləri bilirdim. Düzdür, futbolla bağlı geniş bilgim yox idi, amma "Qarabağ" və "Neftçi"nin ən böyük komandalar olduğunu eşitmişdim. Nə yalan deyim, yerli futbolu izləmirdim.
- Buna qədər nə vaxtsa Azərbaycan klublarından təklif almışdın?
- Xeyr, ilk dəfədir.
- Təklif alanda nə hisslər keçirdin, ilk olaraq nə düşündün?
- Əslində çox düşünmədim. Daim oynamaq istəyirdim. Bunun üçünsə doğru ünvan seçməliydim. Fikrimcə, bu baxımdan "Neftçi" mənim üçün yaxşı yer olacaq. Təklif aldım, çox fikirləşmədim, dedim, hə, gedəcəm. İçimdən gələn səsə qulaq asdım.
- 3-4 gündür komanda ilə birlikdəsən, hətta "Qəbələ" ilə oyuna da çıxdın. "Neftçi"nin oyunu və ümumilikdə komanda barədə düşüncələrin necədir?
- Fikirlərim ən yüksək səviyyədədir. Ailəm, dostlarım maraqlanır, onlara çox gözəl ölkəyə və güclü komandaya gəldiyimi deyirəm. Düzünü desəm, "Neftçi"nin bu dərəcədə güclü olduğunu düşünmürdüm. Həm futbolçuların səviyyəsi, həm də şərait baxımından vəziyyət olduqca yaxşıdır.
- "Neftçi" ilə ÇSKA-nı (Sofiya) müqayisə etsək?
- Bu suala cavab vermək istəmirəm. Daha doğrusu, iki komanda arasında belə seçim və müqayisə etmək istəmirəm. Hər iki komanda yüıksək səviyyədədir.
- Qollar gələcəkmi?
- İnşallah, abi. Buna çox inanıram. Əlimdən gələninin ən yaxsını edəcəm ki, komandamı və azarkeşlərimizi sevindirim. Allahın izniylə, qollar da gələcək.
HƏBİB