“Qəbələ” İdman Klubunun prezidenti, İkinci Qarabağ müharibəsinin iştirakçısı Fariz Nəcəfov döyüşlərlə bağlı təəssüratlarını bölüşüb.

 Offsideplus.az həmin müsahibəni təqdim edir:
- Əvvəlcə 44 günlük müharibənin fəal iştirakçılarından biri kimi, qazanılan qələbə ilə bağlı təssüratlarınızı bilmək maraqlı olardı...
- Uzun illər - 30 ilə yaxın bir vaxtda arzuladıgımız müharibə, ardınca isə bu müharibədə möhtəşəm qələbə qazanmağımıza şahidlik etdiyimə göre çox xoşbəxtəm! Bu tarixi nailiyyətə görə Ali Baş Komandan başda olmaqla, Ordumuza, xüsusən də şəhidlərimizə borcluyuq!
 
- Cəbhədə olarkən klubla necə maraqlanırdınız: Ümumiyyətlə, oradan Azərbaycan futbolu necə görünürdü?
- Bu sualla bağlı yalnız onu deyə bilərəm ki, böyük səbirsizliklə Ağdamın "İmarət" stadionunda "Qarabağ" - "Qəbələ" oyununun baş tutmasını gözləyirəm!
 
- “Qəbələ” 11 turdan sonra 11 xalla 6-cı pillədə qərarlaşıb. Komandanın çıxışını necə dəyərləndirirsiniz?
- Bilirsiniz ki, mövcud vəziyyətlə əlaqədar ötən mövsümlə müqayisədə bəzi legionerlər komandamızı tərk etdi və heyətə yeni oyunçular qoşuldu. Düzdür, biz bu prosesdə klubumuzu bir qədər təcrübəli saya bilərik. Amma bütün hallarda dəyişikliklər və özəlliklə pandemiya ilə bağlı çətinliklər hazırlığa, futbolçu cəlb olunmasına ciddi təsir göstərdi. Fikrimcə, komandamızın nümayiş etdirdiyi futbolun qarşılığı tam olaraq turnir cədvəlində əksini tapmadı. Düzdür, zəif oyunlarımız da oldu, amma ümumilikdə vəziyyətimizi pis adlandırmazdım. Dəqiqdir ki, daha artıq xal toplaya bilərdik. Oyunumuz da gələcək üçün daha yaxşı olacağına ümid verir.
 
- Son vaxtlar Azərbaycan Premyer Liqasında koronavirusa yoluxma halları artıb. Bu mənada sizin komandada vəziyyət necədir?
- Nəinki, Premyer Liqada, ölkəmizdə və dünyada bununla bağlı vəziyyət gərgindir. Ona görə də məcburən sərt addımlar atılır. Bizim komandada da bəzi futbolçular virusa yoluxmuşdular. Lakin hazırda son olaraq, dünən Ceyms Adeniyinin test cavabı neqativ çıxdı. Komandamız tam heyətlə məşqlərini davam etdirir.
 
- Peşəkar Futbol Liqası mövcud vəziyyətlə bağlı təqvimdə dəyişiklik etdi. Oyunlar dekabrın 20-də bərba olunacaq. Qərara münasibətiniz necədir: Sizcə, indiki halda çempionatı dayandırmaq daha düzgün olardı, yoxsa davam etdirmək?
- Bununla bağlı klublar və AFFA uzun çəkən müzakirələr apardı. Nəticədə davam qərarı verildi. Müzakirələr zamanı dayanmamağın tərəfdarı olduğumu bildirdim, çünki həm virusla yaşamağı və qaydalara riayət etməyi öyrənməliyik, həm də sabah bizi nələrin gözlədiyini bilmirik. Təbii ki, hansısa komandada xəstə sayı artarsa, buna uyğun müvafiq tədbirlər görüləcək.
 
- Komandanın qış toplanışı ilə bağlı hansısa plan hazırlanıb? Hazırlıq prosesi ölkədə, yoxsa əvvəlki illərdə olduğu kimi, xaricdə gerçəkləşdiriləcək?
- Artıq bu gün bəlli oldu ki, qış fasiləsi həmişəkindən daha qısa sürəcək. Toplanışla bağlı baş məşqçi ilə müzakirələrdən sonra dəqiq qərar verəcəyik.
 
- Bu mövsüm üçün komandanın qarşısında duran başlıca vəzifə nədən ibarətdir?
- Təbii ki, avrokuboklara düşsək, bizim üçün ciddi uğur sayılacaq. Bununla yanaşı, yeni futbolçuları üzə çıxarmaq əsas vəzifələrimizdən biri kimi qalır. (Report)