Azərbaycanın Çempionlar Liqasındakı yeganə komandası "Qarabağ" bu gün Polşa təmsilçisi "Lex"lə qarşılaşacaq.

Offsideplus.az saytı oyun haqda düşüncələrini öyrənmək üçün klubun xanım azarkeşlərinə tribuna verdi.

Aygül Qarayeva: "Nəhayət, fasilə bitir və "Qarabağ" üçün yeni yol başlayır. Rəqibimiz məlum olan gündən bir çoxları kimi mən də potensial rəqiblər arasında ən çətininin düşdüyünü düşünürəm. Həm də ona görə ki, komanda hər il ilk mərhələdə daha çox çətinlik çəkir, alışdığımız oyunundan uzaq olur sanki. Amma "Qarabağ" avrokuboklarda istənilən mərhələdə, hər cür rəqibə qarşı nəticə göstərə bilir. Növbəti oyunlara qədər komandanın daha yaxşı vəziyyətdə olacağına inanıram və yeni futbolçuların cəlb ediləcəyinə ümid edirəm.
Oyunla bağlı proqnoza gəlincə, məncə, mərhələnin heç bir oyununda məğlub olmayacağıq. Çətin olacaq, amma çətinliklə başlayan bu yol "Qarabağ"ın yenidən Çempionlar Liqasının qrupunda iştirak etməsi ilə davam edəcək. Bugünkü matçda 2:1 hesablı qələbə gözləyirəm. Hamımız üçün vacib an isə Bakıda olacaq. Açığı, bir həftə sonrakı cavab matçı üçün daha çox həyəcanlı və səbirsizəm. Fasilə bitir və biz "Qarabağ"ı yeni tarix yazacağı turnirin ilk mərhələsindən, tribunadan maksimum dəstək vermək üçün çalışacağıq".

288990674 1135822037150335 8247522998742961206 n

Sevinc Məmmədova: " Qarabağ" uzun illərdi mütəmadi olaraq avrokuboklarda çıxış edir. 8 dəfə də qrup mərhələsində iştirak edib. Hətta son mövsümdə Qurbanovun yetirmələri qrupdan çıxıb, pley-offa yüksəlməyi də bacardı. Bunlar heç biri təsadüfi nəticə deyil. Bunlar düzgün görülən işlərin, zamanla qazanılan təcrübənin nəticəsidir. Hər il ölkə çempionatında yaranan fasilədən sonra komandamız avrokuboklardakı ilk turlarda nisbətən ehtiyatlı oynayır, çünki istər-istəməz oyun praktikası az olur. Ancaq belə məqamlarda məhz o qazanılan təcrübə bizə kömək olur. Heyət demək olar ki, ötən mövsümki ilə eynidir. Pley-offa yüksələn, qızıl dubl edən heyətdə oyunçular arasında anlaşma problemi olmayacaq. Üstəlik, ilk oyununun səfərdə olmasını avantaj hesab edirəm. Oradan sərfəli nəticə ilə qayıdıb, bir həftə sonra Bakıda hamımızı qələbə və növbəti mərhələ ilə sevindirəcəklərinə inanıram. Hesab təxminimə gəlincə, rəqibi əsla küçümsəmədən iddialı danışmaq istəyirəm. Mən 0-5 deyirəm. "Qarabağ" neçəsini vuracaq, bunu axşam birlikdə görəcəyik".

278567286 1953815244827229 2330953394875732650 n

Sevda Şərbətzadə: "Məncə, böyük top fərqi ilə qazandığımız qələbələrdən biri olacaq, çünki "Qarabağ" son illərin ən güclü heyətinə malikdir. Eyni zamanda da bu güc komandaya da özünəinam verdiyi üçün rəqibin də ağdamlılardan qorxduğunu hesab edirəm. Hər şeyin bizim xeyrimizə bitəcəyinə və eyni zamanda futbol adına gözəl oyun izləyəcəyimizə ümidliyəm".

277814831 3137221813261033 3374558449490814617 n

Naibə Məmmədova: "Püşkatamada hansı komandanın "Qarabağ"ın rəqibi olacağı məni o qədər də narahat etməyib. Çünki ağdamlılar uğurlu çıxışı ilə bizdə bu inamı yaradıb. "Köhlən atlar" Avropada göstərdiyi əzmkarlıqla adından söz etdirib. Düşünürəm ki, "Lex" keçilməyəcək bir sədd deyil. İnanıram ki, bu gün sevinən tərəf biz olacağıq. Bu mövsüm bizim Çempionlar Liqasında uzun yolumuz var. Hər kəsin inandığı, tutunduğu yer olur. Mənim də inanc yerim "Qarabağ"dır. Bu gün hər şey bizim istədiyimiz kimi olacaq".

280042430 1281461522259567 981575356509160536 n

Cavid Əliyev