Vaxtilə "Milan" və "Çelsi" kimi komandaların şərəfini qorumuş Aleşandre Pato İraqdan təklif alıb.
Offsideplus.az xəbər verir ki, yerli çempionatın yüksək dəstəsində mübarizə aparan "Əl-Divaniyə" klubu braziliyalı məşhura təklif göndərib. Pato bir qədər düşündükdən sonra qarşı tərəfə ilk şərtlərini söyləyib: həyətində hovuzu olan geniş ərazini əhatə edən malikanə, üstəgəl, özü və xanımının təhlükəsizliyinə yazılı zəmanət. İraqlılar bu şərtlərə "hə" deyəndən sonra maliyyə şərtləri müzakirə olunacaq.
Klubun prezidenti Hüseyn Əl-Ankoşey "Rudaw" TV-yə açıqlamasında deyilənləri təsdiq etməklə yanaşı, şərtləri qarşılaşamağın onlar üçün çətin olduğunu da gizlətməyib.
Qeyd edək ki, 31 yaşlı futbolçu ötən ilin iyulunda "San Paulo"dan ayrılandan sonra işsizdir.