Bu gün Azərbaycan İdman Jurnalistləri Federasiyasının təqdimat mərasimi keçirilib.
Offsideplus.az xəbər verir ki, Milli Olimpiya Komitəsinin binasında baş tutan tədbirdə təşikatın rəhbəri Qabil Mehdiyev federasiya haqda ümumi məlumatlar verib:
“İdman Jurnalistikasında boşluq var idi. Təşkilatlana bilmirdik. Qismət bu günə oldu ki, təşkilatı yaratdıq. Bütün idman jurnalistləri ilə birgə yola çıxdıq. Dünya təcrübəsindən istifadə edə bilmədik. Hər yerdə Assosiasiya idi, bizdə bu addan istifadə edirdilər deyə başqa seçim etdik. Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişik. Gənclər və İdman naziri Azad Rəhimova təşəkkür edirəm ki, bizə bu işdə dəstək oldu”.
Q.Mehdiyev federasiyanın məqsədlərindən də danışıb:
“Bu gündən fəaliyyətə başlayırıq. İdman mediasının həm sosial, həm də maliyyələşməsi baxımından problemləri var. Kadr çatışmazlığı da mövcuddur. Əsas məqsədimiz idman mediasının sosial problemlərini həll etmək, sosial baza yaratmaq, yaşayış şəraitini yaxşılaşdırmaqdır. Bir sıra dövlət qurumları ilə danışıqlara başlayacağıq. İldə 1 dəfə qurultay təşkil edəcəyik ki, jurnalistlər yaşadıqları problemləri dilə gətirsinlər. Treninqlər və bölgələrdə tədbirlər keçirəcəyik. Xarici ölkələrdə beynəlxalq təcrübə keçəcəklər. Hər bir jurnalistin təşkilatımızda yeri var. Federasiyasının veb səhifəsi də hazırdır. Saytımız heç bir portalla rəqabət üçün yaradılmayıb. Digər mətbuu orqanlarında olan müəyyən seçmə yazılar burada yerləşdiriləcək və ilin sonunda ən çox oxunan müəllifə mükafat veriləcək”.
Federasiya rəhbəri ilin sonunda jurnalistlərin mükafatlandırılacağını da bildirib:
“Bu il Mirpaşa Miriyevin 100 illiyidir. Onun adına xüsusi mükafat təltif etmək istəyirik. Bir də “Aqşin Kazımzadə” mükafatı da təltif edəcəyik. Bu mükafat bütün idman jurnalistlərinin səs verməsi ilə seçiləcək. “Mirpaşa Miriyev” adına medal isə idman mütəxəssislərinə veriləcək.
Sonda Qabil Mehdiyev İdman Jurnalistləri Federasiyasının idarə heyətinin üzvlərini təqdim edib:
Qabil Mehdiyev - Rəhbər
Fərid Mansurov
Cəmaləddin Rəhmanov
Ellada Musatafayeva
Firuz Abdulla
Mahir Rüstəmli
Vüqar Zeynalov
Elşən Məmmədov
Sənan Şəfizadə
Qeyd edək ki, idarə heyətindən başqa xüsusi komissiyalar da olacaq. Burada 3 nəfərdən ibarət jurnalistlər olacaq. Hər bir komissiyanın özünə məxsus vəzifəsi olacaq. Bunlar hərəsi bir federasiya ilə işləyəcəklər.
Sultan SoY