Misli Premyer Liqasının XXXIV turunda "Neftçi"yə qarşı oyunda (1:1) "Şamaxı"nın bərabərlik qolunun müəllifi Amil Yunanov Offsideplus.az-a müsahibə verib. 

Müsahibəni təqdim edirik:

- Uzun müddət idi ki, qol vurmamışdınız. Təəssüratlarınız necədir?

- Qol vurub, komandama xal qazandırdığım üçün çox xoşbəxtəm. Davamını qarşıdakı iki oyunda ("Qəbələ" və "Səbail") da gətirmək istəyirəm. 

- Növbəti oyunda “Qəbələ” ilə qarşılaşacaqsınız. Bu mövsüm 2 dəfə uduzub, 1 heç-heçə etmisiniz. Oyuna necə hazırlaşırsız?

- Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. "Qəbələ" çox yaxşı komandadır. Öz meydançamızda oynayırıq. Bu oyunda azarkeşlərimizi sevindirmək istəyirik. 

- “Şamaxı”nın liqada qalmaq şansını necə dəyərləndirərdiniz?

- Son iki oyunda komanda olaraq toparlanıb, maksimum nəticələr göstərməliyik. İnşallah, çempionatda mübarizəni davam etdirən tərəf biz olarıq. 

- Çempionatda son oyun keçmiş komandanız “Səbail”ə qarşı olacaq...

- Futboldur, hər şey ola bilər. Oyunun nəticəsinin necə olacağını zaman göstərəcək. Əlimizdən gələnin ən yaxşısını etməliyik. 

- Cari mövsümün sonu müqavilənizin müddəti başa çatır. “Şamaxı”da qalacaqsınız, yoxsa başqa kluba keçəcəksiniz?

- Hələ ki, bu barədə düşünməmişəm. Hazırda fikrimi bu iki oyuna kökləmişəm. Komandaya bacardığım qədər kömək etmək istəyirəm. Mövsüm başa çatandan sonra müqavilə məsələsini düşünəcəm.

 

Günay Xəlil