Offside Sport Media “Qadın idmançılar” layihəsinin növbəti qonağı güləş üzrə Azərbaycan millisinin məşqçisi Solmaz Həşimovadır.

Xanım idmançı suallarımızı cavablandırarkən karyerasından, məşqçilik fəaliyyətindən, güləşçi həyatının çətinliklərindən bəhs edib.

- Özünüzü oxuculara təqdim edərdiniz...

- Mən Solmaz Həşimova 1992-ci ilin aprelin 30-da Sumqayıt şəhərində anadan olmuşam. Orta təhsilimi orada bitirib, Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuşam. Universitetdə 5 illik qiyabi təhsil almışam.

613A9665 1

- Güləşi seçməyiniz necə baş verdi?

- Tofiq Eyvazov adında qohumumuz səbəbkar oldu. Mən onsuz da karate ilə məşğul olurdum. Karateçi kimi respublika çempionatında haqsızlıq oldu. Finalda uduzduruldum. Orada xoşagəlməz olaylar yaşandı deyə 2 illik karate yarışlarından uzaqlaşdırıldım. Mən də düşündüm ki, bu müddət ərzində nə iş görəcəm? Bu səbəbdən də güləşlə məşğul olmağa başladım. Karatedən uzaqlaşdırılmasa idim, heç vaxt güləşi seçməzdim.

- Ailənizdə idmançı olan kimsə var?

- Babam cavan vaxtlarında boksla məşğul olub. İdmana marağımı o başladıb əslində. Onunla futbola baxırdıq, döyüşlər izləyirdik. Onun sayəsində idmana həvəsim yaranıb. Sırf profesional şəkildə kimsə maraq göstərməyib.

- İlk yarışınızı xatırlayırsınızmı?

- Əlbəttə. Təzə başlamışdım məşqlərə. 3-4 ay sonra respublika çempionatı keçirilirdi. 5-6 qız iştirak edirdi. Bakıda baş tutan yarışlarda qalib oldum.

- Güləşçi olmaz sizə hansı çətinliklər yaradıb?

- Həyati baxımdan heç bir problemim olmayıb. Lakin fiziki olaraq əziyyət çəkmişəm. Çoxlu zədələrim olub və bunlar indi də mənə çətinlik yaradır. Güləş qadını çox kobudlaşdırır.

- Güləşin sizin üçün yaratdığı üstünlüklər varmı?

- Özünü müdafiə edə bilirsən. Ən azından fiziki güc olur. Ən azından səfərlərə çıxırsan. Dünyanı gəzirsən, biliklərin artır. Tamam başqa mühitə düşürsən. Ətrafın genişlənir.

- Ailənizdən və ya qohumlarınızdan kimsə idmançı olduğunuz üçün sizi qınamayıb?

- Biraz etiraz var idi, amma çox da dirəşmirdilər. Anam həmişə dəstək olub. Biraz qardaşımla atam qarşı idi. Ümumiyyətlə, mənə o qədər qarışmayıblar. O şəraiti yaratmamışam ki, qohumlarım mənə müdaxilə etsinlər. Tam sərbəst öz həyatımı yaşamışam.

- Ən çox sevdiyiniz idman növü hansıdır?

- Özüm güləşçi olsam da, ürəyim hələ də karatenin yanındadır. Hər zaman döyüşləri izləyirəm. Çoxlu dostlarım var karateçilər arasından. Murad Hacızadə, Tural, Rafael Ağayev, Ayxan Mamayevlə yaxın münasibətimiz var.

- Yenidən seçim imkanınız olsa, karateyə qayıdardınız?

- Bir ara yenidən başladım. Sadəcə karate sürət tələb edir. Mən də güləşçi olduğuma görə, ağır davranırdım. Buna görə istəmədim. Amma həmişə demişəm ki, qızım olsa, karateçi olacaq.

613A9602 1- Güləşdəki uğurlarınızı saya bilərsinizmi?

- 3 qat respublika çempionu, gənclər arasında dünya üçüncüsü, 23 yaşlıların Avropa Çempionatının bürünc mükafatçısı, Böyüklərin Avropa Kubokunda 1 dəfə ikinci, bir dəfə üçüncü olmuşam.

- Güləşçi olduğunuz dövrdə federasiyadan qızlarla oğlanlar arasında fərq qoyulurdumu?

- Əslində mənim dövrümdə bizim federasiya ən pik vaxtında idi. İstədiyimiz hər şeyi təmin edirdilər. Əslində oğlanlar nə məşq edirlərsə, biz də eynisini edirdik. Biz qızlar üçün bu biraz ağır idi. Başqa heç bir problem olmayıb.

- İndiyə kimi yarışlardan kənar davanız olubmu?

- Balaca vaxtı özüm sataşırdım. Məhlədə gedib tin uşaqları kimi dururdum küçənin başında. Yoldan keçənlərə söz atırdım ki, sən niyə bizim məhlədən keçirsən? Bura bizim küçədir, olmaz keçmək. Belə bəhanələr edib dava salırdım. Ümumiyyətlə, mən bir müddət oğlana oxşayırdım. Bilmirdilər ki, qızla dalaşırlar. Söz atırdım dava düşürdü. Bir də yanımdakı qızlara satışanda dalaşmışam. Əsas oğlanlarla dalaşmışam, heç vaxt da döyülməmişəm.

- İdmandan kənar nələrlə maraqlanırsınız?

- Kitab oxumağı sevirəm. Mən tək yaşayıram, tək olmağı da sevirəm. Vaxtaşırı əlimə qələm alıb nəsə yazmağı sevirəm.

- Yazdığınız kitabın adı nədir və nədən bəhs edir?

- Yarım qalanlarım var. Ümumi şeirlər toplusudur. Ümuməm sevgi, ana, vətən mövzularından ibarət şeirlər toplusudur.

- İdmana görə, seçim arasında qalmısınız?

- Mən rep dinləməyi və deməyi xoşlayan biriyəm. Reperlik etmək arzum var idi. Qarşımda 3 seçim var idi: ya reper, ya jurnalist, ya da idmançı olacam. Sonda idman sevgim hamısını üstələdi və güləşçi oldum.

613A9636 1- İdmançı olmaq çətindir, yoxsa məşqçilik?

- Hərəsinin öz çətinlikləri var, amma düşünməzdim ki, məşqçilik belə məsuliyyətli olar. Milli komandada çalışdırıcıyam hazırda. 2018-ci ilin mayından bu işə başlamışam. Qızları yarışa aparmışdım. O qədər həyacanlanmışdım ki, mən idmançı olanda belə stress keçirtməmişdim. Çünki sonda məndən nəticə tələb edirlər.

- Karyeranızı bitirməyə nə səbəb oldu ki, məşqçiliyə başladınız?

- Çoxlu zədələr. Mənə ciddi problemlər yaşatdı. Hələ də çiynimdə sınıq var. Bir də son iki ildə alınmadı. Udduğum qızlara belə uduzurdum. Həm də məşqçi olmağı arzulayırdım.

- Solmaz Həşimova məşqçi kimi uğur əldə edə biləcək?

- Mən idmançı kimi istədiyim zirvəyə çatmadım. Güləşə ümumiyyətlə, gec başladım. Bu mənim irəliləməyimə mane oldu. Bəlkə də tez başlasaydım istədiyim zirvədə idim indi. İdmançı kimi Olimpiya çempionu ola bilməsəm də, ümid edirəm ki, məşqçi olaraq bunu bacaracam.

613A9660 1- Sizin dövrünüzdəki güləşçi qızlar daha güclü idi, yoxsa indiki nəsil?

- Mən güləşəndə komandada rəqabət var idi. Düzdür, çox qız yox idi. Elə çəki dərəcəsi var idi ki, ümumiyyətlə orada təmsil olunmurduq. Lakin aramızda güclü rəqabət var idi. Bir çəkidə 2 nəfər varsa, zalda qırğın idi. Məşq zamanı ağzımız-burnumuz qanayırdı. İndikilər laqeyd yanaşırlar. Məşqçi kimi indiki dövrün güləşçilərindən razı deyiləm.

- Son olaraq, məşqçi kimi gənc nəsilə məsləhətiniz nə olar?

- Mənim arzum budur ki, millidə ancaq yerli qızlar olsun. Ölkəmizi özümüzkülər təmsil etsin. Bu da bizim qızların əlindədir. Onlar öz üzərində çox çalışsalar, hər şey istədiyimiz kimi olacaq.

Söhbətləşdi: İlkin Sultanlı

Fotolar: M. Djaf

{gallery}2020-02-06/Solimusahibe/{/gallery}