“Sumqayıt" klubunun baş məşqçisi Ayxan Abbasov Konfrans Liqasının 2-ci mərhələsi çərçivəsində Serbiyanın “Çukariçki” komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis ilk olaraq sabahkı matçla bağlı təəssüratlarını bölüşüb:
- Cavab oyunudur, ilk oyunumuzi səfərdə keçirdik. Səfərin çətinliyini bilirdik, rəqibi təhlil etmişdik. Futbolçularımız yaxşı nəticə əldə etmək üçün çox çalışdılar. Cavab oyunu ilk matçdan daha çətin olacaq. Çünki hər iki komanda bir-birini tanıdı. Hər iki tərəf turu keçmək istəyir. Çətin və önəmli oyuna çıxacağıq. Klub olaraq avrokuboklarda ilkə imza atmaq istəyirik. "Evdə" oynayırıq. Üstünlüyümüz odur ki, azarkeşlərimiz bizimlə olacaq. Sabah azarkeşlərimiz bizi dəstəkləyəcək. Həqiqətən, dəstəyə ehtiyacımız var. Klub olaraq bu turnirdə təcrübəmiz azdır. Meydan amili və azarkeşlərimiz üstünlüyümüzdür. Hər kəs hazırdır, səbrsizliklə oyunu gözləyir. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək.
Abbasov daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Heyətdə dəyişiklik olacaq?
- Ola da bilər, olmaya da. İlk rəsmi oyunumuza Serbiyada çıxdıq. Rəqib isə artıq bir neçə rəsmi oyuna çıxıb. Heyətlə bağlı sabah qərar verəcəyik. Zədəlimiz yoxdur, hamı hazırdır.
- İlk matçda Yusif Nəbiyev yaxşı çıxış etmədi. Tellur Mütəllimov sabah meydana çıxa bilər?
- Həqiqətən, biz səfərdə sırf müdafiə olunmaq istəmirdik, belə planımız yox idi. Rəqib bizi müdafiə olunmağa məcbur etdi, çox üstümüzə gəlirdilər. Yusif ötən il az oynayıb. Biz onu əvvəldən tanıyırıq. Ona da vaxt lazımdır. Ümumən, istəyirik ki, komandada rəqabət olsun. Rəqabət olan yerdə inkişaf da olacaq. Hər kəsə şans verəcəyik. Rəqabətin davam etməsi üçün çalışacağıq.
- Hücumda ciddi problemlər var. Sabahkı oyunu əlavə vaxtlara aparmağı düşünürsüz?
- Hər şeyi fikirləşməlisən. Desəm ki, əlavə vaxtı, penaltiləri düşünmürəm, yalan olar. Buna baxmayaraq, sırf belə senariyə hazırlaşmırıq. Əsas odur ki, sabah meydanda yaxşı oyun sərgiləyək, azarkeşlərimizi sevindirək. Hücumda tək Əli Qurbani deyil, başqa futbolçularımız da var. Biz istəyirik ki, bütün komanda olaraq hücumda yaxşı çıxış edək.
- Konfrans Liqasında olmağınıza baxmayaraq, az transfer etdiz. Bu, büdcə məsələləri ilə bağlıdır?
- “Sumqayıt” ilk dəfədir ki, heyətində bir çox futbolçuları saxlaya bildi. Hər zaman bunu müzakirə edirik. Əsas üzərimizə düşən heyətimizin özəyini qorumaqdır. Bunu da bacardıq və heyətimizi genişləndirmək üçün işlərimiz davam edir. Transferlərlə bağlı məhdudiyyətimiz var, ancaq işlərimiz gedir.
- Mərhələ adlasanız, yeni futbolçu gələcək?
- Rəhbərliklə belə danışığımız olmayıb. Sadəcə axtarışlarımız da davam edir. İstədiyimiz futbolçular var. Rəhbərlikdən turu keçsəz, yeni futbolçu alacağıq deyə bir fikir olmayıb. Biz geniş düşünürük. Mərhələ keçsək, bu, həm klub, həm də futbolçular üçün böyük bir şey olacaq.