UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sumqayıt" Serbiyanın "Çukariçki" klubu ilə qarşılaşacaq.
Offsideplus.az klubun rəsmi saytına istinadən Belqrad təmsilçisi barədə bəzi məlumatları təqdim edir.
1924-cü ildə əsası qoyulan komanda Belqrad şəhəri yaxınlığındakı Çukaritsa əyalətini təmsil edir. Komanda ötən mövsümü lider “Partizan”dan 34 xal geridə, 3-cü pillədə tamamlayıb. Ev oyunlarını 4070 nəfər azarkeş tutumu olan “Çukariçki” stadionunda keçirən Serbiya təmsilçisi 1996 və 1997-ci ildə UEFA İntertoto Kuboku, 2014/15, 2015/16, 2016/17 və 2019/2020 mövsümlərində UEFA Avropa Liqasının təsnifat mərhələlərində iştirak edib.
2015/16 mövsümündə Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ" ilə qarşılaşan Serbiya təmsilçisi ümumi hesabda 1:2 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb.
"Çukariçki" 2014/15 mövsümündə Serbiya Kubokunun qalibi, 2014/15, 2015/16 və 2020/21 mövsümlərində Serbiya çempionatının bürünc medalçısı olub.
Qeyd edək ki, "Çukariçki" - "Sumqayıt" qarşılaşması iyulun 21-də baş tutacaq.