Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) futbol qaydalarına bir sıra köklü dəyişiklikləri təsdiqləyib.
Offsideplus.az xəbər verir ki, 2026-cı ilin iyunundan qüvvəyə minəcək yeni qaydalar oyunun tempini artırmağa və hakim səhvlərini minimuma endirməyə hesablanıb.
Yeni qaydalara əsasən, VAR artıq təkcə qol və penaltilərə deyil, həm də səhv təyin olunmuş künc zərbələrinə və yanlış verilmiş ikinci sarı vərəqələrə müdaxilə edə biləcək. Bu yeniliyin ilk dəfə 2026-cı il Dünya Çempionatında tətbiqi planlaşdırılır.
Oyunun sürətini qorumaq üçün aut, qapıdan zərbə və oyunçu dəyişiklikləri zamanı xüsusi "geri sayım" tətbiq olunacaq. Müəyyən olunmuş vaxtı keçən oyunçular topu rəqibə verməli olacaqlar. Həmçinin, meydanı 10 saniyə ərzində tərk etməyən futbolçunun komandası bir dəqiqə ərzində azlıqda qalmaqla cəzalandırılacaq.
Arsen Vengerin təklif etdiyi, hücumçulara daha çox üstünlük verən yeni ofsayd qaydası Kanada Premyer Liqasında sınaqdan keçiriləcək. Bundan əlavə, futbolçuların hakim və ya rəqiblə danışarkən ağızlarını örtməsinin qarşısını almaq üçün yeni təlimatlar hazırlanacaq. Həmçinin, sonuncu ümid fouluna görə qırmızı kart qaydaları daha da sərtləşdirilib.


