Qadınlardan ibarət güləş milli komandamızın lideri - 7 qat Avropa çempionu, 3 qat olimpiya mükafatçısı (1 bürünc, 2 gümüş), Avropa oyunlarının ikiqat qalibi və nəhayət, az öncə Qazaxıstanın paytaxtı Nur-Sultanda 31 yaşında ikinci dəfə dünya çempionu adını qazanan Mariya Stadnikin müsahibəsi

 
- Öncə dünya çempionatı barədə təəssüratlarını bölüşərdiz...
- Bu yarış olimpiadaya lisenziya verdiyinə görə bütün güləşçilər üçün çox vacib turnir idi. Belə deyim, bu dünya çempionatında medal qazanmaq da vacib sayılırdı, ancaq əsas məsələ "Tokio-2020”yə vəsiqəni təmin etmək idi.
 
- 10 ildən sonra ikinci dəfə dünya çempionu olduz...
- Əlbəttə, möhtəşəm hisslərdi. Mən həyatda da maksimalistəm. Qazaxıstana yalnız lisenziya dalınca yox, həm də 10 illik aradan sonra ikinci dəfə dünya çempionu adını qazanmaq üçün getmişdim. Mundiala hazırlığı çox yüksək səviyyədə keçirmişdim. Əvvəlki illərlə müqayisədə, fiziki cəhətdən bəzi çatışmazlıqlarım olsa da, bu, mənə əlavə üstünlük verdi. Çünki düşündüm, əgər fiziki cəhətdən tam çatdıra bilmirəmsə, deməli, bu dünya çempionatında qalib olmaq üçün özümü psixoloji tərəfdən tam hazırlamalıyam. Döşək üzərində özümə olan inam, qələbə əzmi, xarakter, psixoloji cəhətdən hazırlığım qızıl medalı qazanmağımla nəticələndi. Bir sözlə, özümü dünya çempionu olmağa kökləmişdim. 10 il əvvəl bu titulu qazananda, əlbəttə, başqa hisslər vardı. Onda ilk dəfə idi, 21 yaşlı gənc idim. Bu dəfə isə çox rahat, sakit idim. Qızıl medala o nöqteyi-nəzərdən baxırdım ki, yenidən çempion olmalı və zəhmət çəkdiyim illərin bəhrəsini görməliyəm. Qızıl medalı haqq etdiyimi anlayıram. Amma etiraf edim, məndə tam 10 il əvvəlki emosiya olmadı.
 
- Azərbaycan güləşçiləri bu dünya çempionatında cəmi 2 lisenziya qazandılar ki, onun da birini siz əldə etdiz. Ümumi olaraq, güləşçilərimizin çıxışı barədə nə deyə bilərsiz?
- Məncə, 2 lisenziya da pis nəticə deyil. Nəzərə alaq ki, güləş əvvəlkindən çox dəyişib, inkişaf edib. Rəqabət hədsiz dərəcədə artıb. Artıq bir çox ölkələr güləşdə iddialı olmağa başlayıblar. Məsələn, qadın güləşini götürsək, əvvəllər yaponlar hegemonluq edirdilər. Bu gün artıq Çin, Koreya, Kanada, Qırğızıstan və.s ölkələrin güləşçilərini də favoritlər arasında görə bilərik. Ona görə olimpiya oyunları qabağı keçirilən məhz bu dünya çempionatı kifayət qədər güclü, maraqlı, rəqabətli oldu. Misal üçün, fikir verdizsə, 65, 74 kq çəki dərəcələrində kişilərin yarışında amansız mübarizə gedirdi. Hacı Əliyevə qarşı da haqsızlıq oldu. Konkretləşdirsəm, fikrimcə, güləşçilərimiz nikbin olmalıdırlar. Çünki hələ heç nə itirilməyib, qarşıda olimpiadaya lisenziya verəcək turnirlər olacaq. Ümid edirəm, daha bir neçə vəsiqə qazana biləcəyik.
 
- Dünya çempionu olmaqla yanaşı, 4-cü dəfə olimpiadada çıxış etmək imkanı qazandız. 1 dəfə bürünc, 2 dəfə finalda məğlub olub gümüş medal qazandığınız olimpiada - yaşınızı da nəzərə alsaq - bu dəfə sizin üçün son rəsmi yarış ola bilər?
- Düzdü, olimpiadaların finalında 2 dəfə uduzmuşam. Amma Qazaxıstandakı dünya çempionatının finalından sonra bir məsələni dəqiq anladım ki, hər şeyin zamanı var və hər şey Allahın əlindədir. Ola bilər, 10 ildən sonra çempion olarsan, ola bilər, heç çempion olmazsan. İnanıram ki, Tanrı mənimlə olacaq və O, mənim olimpiya çempionu olub-olmayacağımı bilir. Hər şeyin yaxşı olacağına, bu dəfə olimpiya çempionluğunu qazanacağıma inanıram. O ki qaldı karyeramı başa vurmağıma, buna olimpiadadan sonra qərar verəcəm. Lakin istənilən halda yaş artıq "bəsdir” deyir. Zənnimcə, bəli, tezliklə karyeramı bitirəcəm. Özümü yaxşı hiss eləsəm, güləşməyə hələ çox davam edəcəm (gülür).
 
- Qızıl medalı qazanandan sonra verdiyiniz müsahibədə dediz ki, dünya çempionluğunu həyat yoldaşıma həsr edirəm. Amma Azərbaycanda da sizi sevən milyonlarla insan var...
- Bilirəm, Azərbaycanda məni sevən, izləyən insan çoxdur. Mən də onları çox sevirəm, hamısına sonsuz təşəkkürümü bildirirəm. Amma bu qələbəni yalnız həyat yoldaşım və məşqçim Andrey Stadnikə həsr edirəm. Bu, xüsusilə onun üçündü (gülür).
 
- Azərbaycanda idmanla maraqlanan insanlar sizi azərbaycanlılardan ayırmır. Sizcə, Mariya Stadnik Azərbaycanı təmsil edən digər legionerlərdən nə ilə fərqlənir ki, onu bu qədər sevirlər? Hətta sizə "Bizim Mariya” da deyirlər.
- Bilmirəm, bəlkə mənim də onlara hörmətimi, sevgimi görüb belə qarşılıq verilər. Artıq 12 ildir Azərbaycandayam, Azərbaycanın şərəfini qoruyuram. Burada özümü heç vaxt qonaq kimi hiss etməmişəm. Mənə qarşı münasibət çox gözəldir. Mən də dəstək olan bütün azarkeşləri çox sevirəm, hamısına minnətdaram.
 
- 2 uşaq anası olmaq çox çətindi, yoxsa dünya çempionu?
- Düzünü desəm, dünya çempionu adını qazanmaq, ana olmaqdan asandı. 2 uşaq anası olmaq çox böyük məsuliyyət deməkdi.
 
- Uşaqlar idmanla məşğul olmağınıza maneçilik yaradır?
- Xeyr, təlim-məşq toplanışlarında əksər vaxt yanımda olmurlar. Mən yoxamsa, onlara dayələri baxır. Ancaq bu dəfə dünya çempionatı öncəsi hazırlıq prosesində uşaqlarım yanımda idilər. Uşaqlarla dağda gəzdik, əyləndik. Əksinə, onların yanımda olması mənə əlavə ruh yüksəkliyi, stimul verdi.
 
- Deməli, güləş ənənəsi Stadnik ailəsində davam edəcək...
- Bizdə indi hələlik bu işlə ata-ana məşğuldu (gülür). Uşaqlar, deyəsən, başqa sahəni sevirlər. Oğlum futbola, qızım isə idman gimnastikasına gedir. Fikrimcə, vaxtı çatanda güləşlə məşğul olacaqlar, ancaq indi bunun üçün yaşları azdı.
 
- Siz sosial şəbəkələrdə də xeyli aktivsiz, Azərbaycanda baş verən ictimai-siyasi hadisələrə zaman-zaman reaksiya verirsiz, paylaşımlar edirsiz. Bu, nədən irəli gəlir: Azərbaycanı sevməyinizdən, yoxsa..?
- Bilirsiz, mən Azərbaycanı sevirəm, onun tarixi, qəhrəmanları ilə maraqlanıram, öyrənməyə çalışıram. İdmanda qazandığım bütün uğurlar, demək olar ki, Azərbaycanın adı ilə bağlıdı.
 
- Hərdən hadisələrə gözlənilməz reaksiyalar verirsiz. Halbuki azərbaycanlı idmançılar belə şeyləri sakitcə kənardan izləyir. Sizə federasiyadan hər hansı bir qadağa qoyulmur ki, danışmayın, olmaz-filan?
- Xeyr, mənə heç kim qadağa qoymayıb. "Feysbuk” səhifəmi işlədən adam var. Ancaq "instagram”da özüm oluram. Səhifəmi idarə edən adamın nə paylaşdığından, əlbəttə, xəbərim var.
 
- Azarkeşlərə, sizi sevənlərə nə sözünüz var?
- Onlara gözəl anlar yaşatdığıma görə özümü xoşbəxt hiss edirəm. Çox şadam ki, məni izləyirlər, sevirlər, hörmət qoyurlar. Hər şey qarşılıqlıdır, mən də onları çox sevirəm. Arzu edirəm ki, azərbaycanlı uşaqlar mənim timsalımda sağlam həyat tərzi keçirib idmanla məşğul olsunlar, uğurlar qazansınlar. 
 
Mənbə: sportinfo.az