"Bilirsiniz ki, bu yaxınlarda Türkiyədə böyük faciə baş verdi. Azərbaycan dövləti, xalqı öz həmrəyliyini, möhtəşəm qardaşlıq iradəsini göstərdi. Türkiyəyə böyük yardımlar edildi. Çox sevinirəm ki, "Qarabağ” və “Qalatasaray” əl-ələ verib, Türkiyənin bu ağır durumunda kömək və dəstək üçün bir yerə gəldilər. Belə möhtəşəm oyunu təşkil etmək imkanımız oldu. Sabah gözəl gün olacaq. Stadionda möhtəşəm ab-havanın olacağını düşünürəm. Azarkeşlərin əlində 20 min Azərbaycan, 20 min Türkiyə bayrağı dalğalanacaq. Millidə çıxış edən oyunçularımız bizimlə deyil. Bəzi oyunçuları geri çağırdıq. Sabah kimin qalib gəlməsinin önəmi yoxdur. Əsas odur ki, iki qardaş ölkənin komandaları üz-üzə gəlir. Biri Azərbaycan çempionu, digəri Türkiyə Super Liqasının hazırkı lideridir".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun prezidenti Tahir Gözəl "Qalatasaray"la oyundan öncə BOS-da təşkil edilmiş briffinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib:
"Təklif hər iki tərəfdən oldu. Biz təklif etdik, “Qalatasaray” tərəfi də müsbət cavablandırdı. Bundan əvvəl “Beşiktaş”la da söhbətimiz olmuşdu. Sadəcə “Qalatasaray”dan konkret addım gəldi. Bu cür oyunun olmasını çox istəyirdik. Qismət bu vaxta imiş".