Qazaxıstanla oktyabrın 6-da keçiriləcək oyunun hazırlığını davam etdirən Azərbaycan yığmasının üzvü Hadi Ahmadi Azərbaycan Futzal Federasiyasının rəsmi saytına müsahibə verib.

Offsideplus.az sizi həmin müsahibə ilə tanş edir:

- Komandada atmosfer necədir? Hazırlıqla bağlı nələri qeyd edə bilərsən?

- Yaxşı hazırlaşırıq. Pis cəhət odur ki, əksər oyunçularımız dünən komandaya qoşuldu. Çalışacağıq Niderlandla oyunda qazandığımız qələbənin davamını gətirək və müsbət seriya yaradaq. Qazaxıstanı Bakıda yensək, üstünlük qazanacağıq. Bütün işlərimizi, çalışmalarımızı bunun üzərində qururuq.

- İki ildir Qazaxıstan çempionatında çıxış edirsən. Deməli, rəqib oyunçulara daha yaxşı bələdsən…

- Bəli, ikinci mövsümdür ki, orada çıxış edirəm. Necə oynadıqlarına bələdən. Açığı, rəqibin bizdən elə də ciddi üstünlüyü yoxdur. Əsas məqam kimi, qapıçıdan beşinci oyunçu kimi istifadə etmələrini qeyd edərdim. İqita demək olar oyunun əksər hissəsini meydanın rəqibə aid hissəsində keçirir. Qazaxıstanın oyunu belədə daha yaxşı alınır. Başqa üstünlüklərini deyə bilmərəm. Bərabər səviyyəli iki komandanın dueli olacaq. Birləşsək, yumruq olsaq, istədiyimiz nəticəni qazanacağıq.

- Təhlükəli oyunçular siyahısına kimləri daxil edərdin?

- Duqlası fərqləndirərdim. Çox təhlükəli futzalçıdır. Həm qol vurur, həm də dəqiq ötürmələr edir. Tursaqulov da istənilən komandaya başağrısı yaradacaq futzalçıdır. Edsonu da onların sırasına qatardım.

- Oyunöncəsi şanslar necədir?

- Hər iki komanda qələbə qazana bilər. Əgər öz oyunumuzu oynaya bilsək, toparlansaq, məşqçilərin dediyini meydanda etsək, üstünlük 60-70 faiz bizdə olacaq.

- Rumıniyaya yenildik, Niderlandı məğlub etdik. Bu cür başlanğıc gözlənilən idi?

-Fikirləşirdim ki, hər iki oyunda qələbə qazanacağıq. Yəni bu gün aktivimizdə 3 yox, 6 xal olmalı idi. Rumıniyaya qarşı pis oynamadıq. Mübarizə apardıq. Sadəcə, epizodlarımızı qola çevirə bilmədik, əvəzində səhvlər etdi. Niderlandla matçda isə səhvləri minimuma endirdik. Ona görə də qələbə qazandıq. Bu dəfə də boşluq verməməli, səhv etməməliyik. Rəqib bunu bağışlamır.