2021-ci ildə karyerasını başa vuran “Qarabağ”ın sabiq futbolçusu Reynaldo Silva Azərbaycana qayıda bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə “Report”a müsahibəsində braziliyalı keçmiş hücumçu özü məlumat verib.
34 yaşlı “sambaçı” fevralın 16-da Ağdam klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika təmsilçisi “Gent”lə Bakıda keçirəcəyi matçı izləmək üçün Bakıya gəlməyi planlaşdırır: “Həmin görüşü izləmək üçün övladımla birlikdə yenidən Bakıya gəlməyi çox istəyirəm. Gəlsəm, məni dəstəkləyən azarkeşlərlə, “Qarabağ”da çox sevdiyim insanlarla mütləq görüşəcəyəm. Azarkeşlərdən, klub rəhbərliyindən, məşqçilərdən, keçmiş komanda yoldaşlarımdan, bir sözlə, Azərbaycandan ötrü darıxmışam”.
Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında Belçikadakı cavab qarşılaşması fevralın 23-də baş tutacaq.
Xatırladaq ki, 2013-2017-ci illərdə və 2018/2019 mövsümünün ikinci yarısında “Qarabağ”ın formasını geyinən Reynaldo 4 dəfə Azərbaycan çempionatının, 2 dəfə ölkə kubokunun qalibi olub.