"Səbail" klubu baş məşqçisi Mahmud Qurbanovla yolları ayırmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, "dənizçilər" bu ilin mayında anlaşdığı 49 yaşlı mütəxəssislə yola davam etmək niyyətində deyil.

"Səbail"in bugünlərdə "Sabah"ı ümumi hesabda 4:2 hesabıyla məğlub edərək Azərbaycan Kubokunda yarımfinala adlamasına baxmayaraq, klub rəhbərliyi Qurbanovu komandanın "sükanı arxasında" saxlamaq istəmir. 

Səbəb isə paytaxt təmsilçisinin ölkə çempionatındakı qeyri-stabil çıxışı və 10 xalla hazırda turnir cədvəlinin son pilləsində qərarlaşmasıdır.

Əldə etdiyimiz məlumata görə, "Səbail" artıq onun əvəzləyicisini də tapıb. Belə ki, bu posta klubun akademiyasının əlaqələndiricisi Mirbağır İsayev gətiriləcək.

Xatırladaq ki, AFFA İntizam Komitəsi dekabrın 2-də keçirilən iclasda U-17 liqasının "Səbail" - "Turan Tovuz" oyununda Mirbağır İsayevin rəsmi şəxsləri təhqir etməsi səbəbiylə "dənizçilər"i cərimələyib. Mütəxəssis bu hərəkətinə görə 3 aylıq futboldan uzaqlaşdırılıb, klub isə 4000 manat cərimələnib.

Əlavə edək ki, Mahmud Qurbanovun "Səbail"lə 2024-cü ilin 30 iyununadək müqaviləsi var.

Daşqın Əziz