“Kəpəz” klubunun baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 10-cu turunda evdə “Neftçi”yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.
Offsideplus.az xəbər verir ki, o, ilk olaraq görüşlə bağlı danışıb:
- Maraqlı mübarizəyə şahidlik etdik. Oyunun əvvəlində həyəcan var idi. Bu da 4 illik fasilədən sonra böyük futbolun Gəncəyə qayıtması ilə bağlı idi. Azarkeşlərə sona kimi bizə dəstək olduqları üçün minnətdaram. Qapımızda qol gördükdən sonra komanda ayıldı. Sonradan rəqibi təzyiq altında saxladıq. Qırmızı vərəqə oyunun “sınma” nöqtəsi idi. Lakin azlıqda qaldıqdan sonra da yaxşı mübarizə apardıq. Qol şanslarımız da oldu. Bununla belə, “Neftçi” kimi komandaya qarşı azlıqda oynamaq çox çətindir. Komanda hələ tam mən istəyən formada deyil. Ehtiyat oyunçular skamyamızın azlığı da öz sözünü deyir. 4 il qabaq bu stadionda “Neftçi”nin baş məşqçisi kimi qələbə qazanmışdım. Bu gün təəssüf ki, “Kəpəz”in baş məşqçisi kimi məğlub oldum.
- Qırmızı vərəqə yersiz idi. Buna görə futbolçunuzu cəzalandıracaqsınız?
- Bəli, çünki ilk gündən demişəm ki, son ümid folu kimi alınan qırmızı vərəqəni anlayışla qarşılayıram. Amma bu cür qırmızı vərəqəyə görə futbolçu mütləq cəzalanacaq. Komanda yaxşı oynadığı dəqiqələrdə qırmızı vərəqə yersiz idi. Hakimin qərarı doğru idi. Buna görə də Zamiq Əliyev mütləq cəzalanacaq. Futbolçu oynadığı komandanın dəyərlərinə hörmətlə yanaşmalıdır. Bunu onun cavanlığı ilə bağlamaq olar. Lakin futbolçu da başa düşməlidir ki, komandanı pis vəziyyətdə qoymaq olmaz. Pul cəzası mütləq olacaq.
- Bir müddət əvvəl xorvat qapıçı transfer etmişdiniz. Onun durumu nə yerdədir?
- Bir qədər problemlər çıxıb. Hazırda meneceri ilə danışıqlar gedir. Bu barədə açıqlama veriləcək.
- Əvəzedici heyətə göndərdiyiniz Əli Səmədov bu məsələni araşdıracağını deyib...
- Bütün dünyada belədir ki, şirkət rəhbəri əməkdaşına iş tapşıranda həmin işi istədiyi kimi yerinə yetirmədən narazılıq olur. Mən də bura gəldiyim ilk gündən demişəm ki, tapşırıqlar mütləq yerinə yetirməlidir. Paltardəyişmə otağında da izah etdim ki, ev tapşırıqları mütləq icra olunmalıdır. Əli Səmədov isə bu tapşırıqları yerinə yetirmədiyi üçün əvəzedici heyətə göndərilib. Bu, hamıya dərs olmalıdır.
- Komandanız artıq 4 qırmızı vərəqə alıb. Halbuki təqdimatınızda demişdiniz ki, nizam-intizama önəm verirəm...
- 1 aya hər şeyi dəyişmək olmur. Üstəlik, heyətimiz kasaddır. Bu da bəzi oyunçularda arxayınçılıq yaradır. Bununla belə, çalışırıq dəyişiklik edək. Qırmızı vərəqələr qaçılmazdır. Lakin cəzalar kəsildikcə futbolçular nizam-intizama daha çox önəm verirlər. Bəzən qırmızı vərəqə istədiyin çoxluğundan, aqressivlikdən də olur.
- 5-ci oyunda 3-cü məğlubiyyətiniz. Tərlan Əhmədov “Kəpəz”də nəyi dəyişib?
- Komandada oyun sistemini dəyişmişəm. Çalışıram daha çox hücuma atılaq. Bura gələrkən futbolçular sanki futboldan küsmüşdülər. Oyundan oyuna inkişaf var. İndi istək daha çoxdur. Məğlubiyyətlərlə yanaşı, 2 oyunda 4 xal da qazanmışıq. Stabil çıxış etməməyimizin səbəbi ehtiyat oyunçuların azlığıdır. Bir gün yaxşı oynasan da, növbəti oyunda oyunçu azlığına görə problem yaşayacağıq.
- Gəldiyiniz gündən 2 futbolçunu əvəzedici heyətə göndərmisiniz. Futbolçuların sizə qarşı qruplaşma yaradacaqlarından qorxmursunuz?
- Çalışmışam komandada nizam-intizam olsun. Kollektivdə heç kim heç kimdən üstün deyil. Kimsə cəzalanıbsa, deməli, buna layiqdir. Bu, digərlərinə də dərs olmalıdır. Heç nədən qırmızı vərəqə alan futbolçunu, komandanı maddi baxımdan ziyana salan futbolçunun sonradan bunu etməyəcəyinə kim zəmanət verə bilər? Ona görə cəza mütləq olmalıdır. Çalışıram sağlam kollektiv yaradım. Əvvəlki iş yerlərimdə elə olub ki, 16-18 futbolçu ilə nəticə qazanmışam.