Misli Premyer Liqasının VI "Sumqayıt" - "Şamaxı" matçından (1:1) sonra "kimyaçılar"ın baş məşqçisi Aleksey Baqa jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, belaruslu mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

- Nəhayət ki, ilk qolumuzu vura bildik. Qolu tez vurmağımız bizə yaxşı təsir etmədi. Sonra rəqib oyunu bərabərləşdirdi. Bundan sonra qol vura bilmədik.

- Komandanın dirçələcəyinə inamınız var? 

- Başa düşüləndir. İndi müsbət məqamlar azdır. Çalışacağıq ki, bu vəziyyəti düzəldəcək. Hamı bir olub, çalışmalıdır. Daha yaxşı oynamalıyıq.

- "Qara zolaq"dan çıxa bilmirsiz. Nə vaxta qədər bu postda qalmağı düşünürsüz? 

- Qərarı rəhbərlik verir. İndi nəsə deyə bilmərəm. Yenilik olsa, xəbəriniz olacaq.

- "Sumqayıt" əvvəlki mövsümlərdə daha yaxşı çıxış edib. Legionerlərin səviyyəsi aşağıdır. Belə bir iddia var ki, əcnəbiləri siz yox, rəhbərlik seçib. Bu məsələyə nöqtə qoya bilərsiz? 

- Şayiələr haqda nəsə deməyim doğru deyil. Komandaya kim gəlibsə, onlarla işləmək məcburiyyətindəyəm. İşim komandanı hazırlamaqdır. Şayiələr haqda fikir bildirməyim düzgün deyil. Legionerləri tək baş məşqçi seçmir. Skautlar, rəhbərlik, məşqçilər birlikdə qərar verir. Kim heyətə cəlb olunubsa, mənim fikrim öyrənilib.

- Bu gün 100 faizlik imkanlarınızdan yararlana bilmədiz. Bu, nə ilə bağlıdır? 

- Bunu sadəcə şansa bağlamaq olmaz. Peşəkar komandayıq. 5 tur qol vura bilmədik. Kompleks səbəblər var. Sadəcə bəxtsizliyə bağlamaq düz olmaz.