"Şamaxı" klubu Misli Premyer Liqasının 5-ci tur oyununda doğma meydanda "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında komandanın baş məşqçisi Vüqar Əsgərli jurnalistlərin suallarını cavablandırıb:

- Hər iki komandanın heyəti yeni qurulub. "Turan Tovuz"un gənc və yaxşı legionerləri var. Baş məşqçiləri Ayxan Abbasov olduğuna görə "Turan Tovuz"un nə qədər ciddi rəqib olduğu bilinir. Oyuna gəldikdə isə komandamız 90 dəqiqə üstün idi. Bir qol oyunun taleyini həll edəcəkdi. Kim soyuqqanlı olsaydı, o, qolu vura bilərdi. Təəssük ki, bu gün komandamız son nöqtəni qoya bilmədi. Hesaba baxmayaraq, komandamın əla oyun nümayiş etdirdiyini düşünürəm. Bu komanda ilə fəxr edirəm. Strategiyamızı davam etdirəcəyik. Səhvlərin üzərində çalışıb, futbolçuları daha yaxşı vəziyyətə gətirəcəyik.

- "Turan Tovuz" əsas rəqiblərinizdən biri idi və evdə onlara məğlub oldunuz...

- Hər rəqiblə oyuna 3 xal üçün çıxırıq. Amma düz deyirsiz, potensialına baxanda "Turan Tovuz" bizə uyğun rəqib idi. Ümid sonda ölər. Sona qədər mübarizə aparacağıq. Bizim əsas məqsədimiz Azərbaycan futboluna futbolçular qazandırmaqdır.

- Cəlal Hüseynovun oyununu necə dəyərləndirirsiz?

- Hava şəraitini də nəzərə almalıyıq. Belə havada oynamaq çətindir. Futbolçularımla fəxr edirəm ki, bu isti havada 90 dəqiqə mübarizə apardılar. Fərdi səhvlərin üzərində işləmək olar. Komanda baxımlı oyun göstərir. Bircə sonluq yoxdur, o da ümid edirəm gələcəkdə düzələr.