İtaliyada məşqçilərə xüsusi münasibət var.
Əcnəbilər sevilmir, yerli məşqçilərə üstünlük verilir.
Çox az sayda gəlmələr İtaliyada çalışıb, hətta uğur qazansalar da belə duruş gətirə bilməyiblər. İtaliya futbolunu mühafizə edib xarici ölkələrə də neçə-neçə məşqçi ixrac edirlər...
İtalyanlar güclü taktikdilər, tək meydanda deyil, kənarda da taktiki gedişləri ilə özlərini qoruya bilir, vəziyyətdən çıxır, lazım olduğu anda ətrafı labirintə salırlar...
Roberto Bordin "Neftçi" tarixində ilk italyan məşqçidir. İstər yaşı, istərsə futbolçu karyerası ilə çox təcrübə yığıb. Məşqçilikdə də son illər müəyyən uğurlar qazanıb...
İtalyan məşqçilər üçün "Milan", "Yuventus", "İnter", Robertonun doğma "Napoli"sindən savayı "Real", "Bavariya", "Çelsi" kimi nəhənglər var. İllərdi top-klubları çalışdırırlar. Bordin hələ ki, o səviyyəyə yaxın düşə bilməyib. Azərbaycan məşqçiləri üçün əlçatmaz görünən hədəflər, italyanlar üçün adi haldır...
Roberto Bordin mətbuatdan hələ ki, qaçmır. Açıqlamalarını verir, Avroliqa, çempionat başlayana kimi öz müsbət imicini formalaşdırmağa çalışır. Müəyyən xarizmasını, inamlı olmağını göstərir, çempionluğu söz verməsə də, əsas rolda olacaqlarını bildirir.
2 illik qarantiyalı müqaviləsi ilə "Neftçi"nin 2 illik "proje"sini bəyəndiyini deyir...
Baş məşqçi eyni zamanda transferlərdən xəbərinin olmadığını ictimaiyyətin nəzərinə çatdırır, çoxmənalı gülüşlə jurnalistlərin ondan daha çox bildiyini vurğulayır, birbaşa klub prezidenti Kamran Quliyev və idman direktoru Ceyhun Sultanovu nişan verir. Fikirini bildirdikdən sonra məsləhətlər verdiyini də unutmur...
Bir çoxu düşünə bilər ki, səhvə yol verir, gərək deyəydi ki, transferləri baş məşqçi kimi özüm edirəm, ən pis halda bir yerdə qərar veririk... Həqiqətən ilin-günün bu vaxtında hər kəsin ehtimal, müzakirə etdiyi, rəsmi təsdiqini tapmadığı məsələnin birdən-birə Bordin tərəfindən bəyan edilməsinin səbəbi nədir?
Bordin strateji olaraq planını cızıb artıq. "Neftçi"nin böyük klub olduğunu bildirir, Milanda "İnter"lə oyunu xatırladır, "Qarabağ"ı yada salır. Bordin gözəl bilir ki, onun açıqlamaları İtaliyada da izlənilir. Bir çox yerli məşqçilərdən savayı nə klubu, nə özünü aşağılamır, üzdə hamının görə biləcəyi "sığorta" ilə məşğul olmur, sıradan bir komandaya deyil, böyük klubda baş məşqçilik etdiyini bütün Avropaya bəyan edir. İtalyan taktiklərinə xas olan ağıllı gedişlərdir. Üzdə görünən budur.
Əsas isə görünməyən tərəflərin öncədən görünməsidir...
Böyük klublarda 2 illik "proje" olmur, uzunmüddətli strategiya hazırlanır. Deməli, maksimum bu müddətə Bordin "Neftçi"ni Ç.L.-n qrupuna çıxarmalıdır. Baş məşqçi bu barədə bir kəlmə də fikir bildirmir. Ümumiyyətlə qruplar iddiası ortaya qoyulmur. Bunun əvəzinə çempionluq vəd edilmədən "Neftçi"nin 8 komandalı zəif çempionatda əsas rolda olacağı deyilir...
Dəyərli Roberto, "Neftçi" Azərbaycan futbolunda hər zaman əsas rolda olub. Fərq etməz, çempionluq qazandığı vaxtlar olsun və ya uğursuz dönəmləri. "Neftçi"nin əsas rolda, diqqətdə olması üçün nəinki italyan, heç yerli məşqçiyə də ehtiyacı yoxdur. Böyük klubun böyük adı kifayətdir...
Azərbaycanda futbolu dərindən bilən, təhlil etməyi bacaran insanlar yox deyil. Bordin bilməlidir ki, 17 dəqiqəyə Milanda 4 qol vurmuş Ələkbər Məmmədov kimi futbolçumuz olub, "Neftçi" vaxtilə Neapolda kapitanlıq etdiyi "Napoli" ilə baş-başa oynayıb.
Azərbaycan futbol tarixi böyük futbol görüb və böyük futbolu dərk edirlər...
Bordinin düşünülmüş transfer açıqlaması özü üçün "безпроигрышный" (məğlubiyyətsiz) variantdır. Uğursuz olacağı təqdirdə hədəflər bəllidir, açıqlayıb artıq. Nəticə verəcəyi halda isə qəhrəmandır...
Bütün dövrlərdə nəticə baş məşqçinin adına yazılır, heç kim demir ki, rəhbərliyin əməyidir. Əksinə, doğru olub olmadığından asılı olmayaraq dillərdə bir söz var, baş məşqçinin işinə qarışılır, çalışmağa imkan verilmir.
Bordin isə indidən açıqlayıb, transferlərlə bağlı gedin prezident və idman direktorunun yaxasından yapışın...
Təəssüf ki, Azərbaycanda əcnəbi sevgisi aşıb-daşır, ucu-bucağı görünmür. Özümüz özümüzə qənim kəsilmişik. Adams 2020-də qrupları görəcəyik deyirdi, hamı da sevgi-məhəbətlə qulaq asırdı. Rusiyada dağı dağ üstə qoyan Syomin finalda "Neftçi" ilə bacarmırdı.Gede tarixi klubu ağlar qoyub getdi, söz deyən də olmadı. Toşak Lənkərandan sonra indi də velosipedini Arazın o tayında, Təbrizdə sürür. Konkov, Nikolov indi "Keşlə"yə lağ edirlər.
"Bakı"nın saysız-hesabsız əcnəbi məşqçiləri klubu yaşatmaq üçün qazandıqları milyonlardan fond yaratmaq fikirinə düşüblər.
Ölkənin milyonlarını aparan və heç bir nəticə verməyənlərin acı həqiqətlərinin bir parçasıdır. Qrupları qazananlar isə söyülən, döyülən, təhqirlərə məruz qalan yerli mütəxəssis, məşqçilərimiz olub. Adamslara qulaq asılsaydı, böyük futbolu görməyə hələ iki ilimiz qalırdı...
İndi isə Bordin italyan taktikasını işlədərək "Neftçi" rəhbərliyini tərif yağdıra-yağdıra "əsir" götürüb. Kamran Quliyevlə, Ceyhun Sultanovu millətin "göz"ünə soxmağa ehtiyacmı vardı? Ümumiyyətlə "Neftçi" rəhbərliyi bu iki şəxsdənmi ibarətdi? Bəs şura, v.-prezident və digərləri. Transfer məsələləri bir manat ödəyib bazardan kartof almaq deyil axı? Sponsorların müzakirəsi, razılığı, təsdiqi ilə böyük maliyyələr ayrılır. "Yük" isə iki nəfərin üzərinə düşəcək. Bordin belə deyib...
Komandanın yerli, legioner transferlərini "Qəbələ", "Kəpəz", "Sumqayıt"dan rəhbərlik həyata keçirəcəkdisə italiyadan basa-basa baş məşqçi gətirməyə nə ehtiyac vardı?! Ümumiyyətlə, bu transferləri etmək üçün Avropa turnesinə çıxmağa nə gərək var idi?! Roberto isə özü bildirdiyi kimi heç bir məsuliyyət daşımadan komandada "açar" futbolçuların olmasını istəyir...
Dünya klub futbolunda belə hallar olur və var.
Klubda idman direktoru rəhbəliklə məsələləri həll edir. Baş məşqçi də, alınan "material"a uyğun "bina" inşa edir. Keyfiyyətli materialdısa, müasir göydələn alınır, əks halda tövlə tikilir. Bənnanın da məharətindən çox asılıdır. Sonda ya deyəcək materialınız tövləlik idi, ya da bildirəcək ki, öz bacarığımla əlimdə olan materialdan göydələnlə göylərə qalxdım...
"Neftçi" rəhbərliyi indidən bunları göz önünə gətirməlidir. Tam olaraq məsuliyyət onların üzərindədir. Daha doğrusu, iki şəxsin. Acınacaqlı məqam odur ki, "transferləri rəhbərlik edir" fikirini yerli mütəxəssislər bildirsəydilər, indi onları Azadlıq meydanında dar ağacından asırdılar. Qeyri peşəkarlıqda, səriştəsizlikdə, qorxaqlıqda günahlandırırdılar.
Rəhbərlik isə işə qarışmaqda suçlanılırdı...
İndi bunların heç biri baş vermir. Hər zaman olduğu kimi cəmiyyətdə əcnəbi sevgisi güc gəlir. Yerlilərə nifrət, əcnəbilərə hörmət təfəkkürü ilə bataqlıqda boğulmağa davam olunur. Yeri gəlmişkən, İslandiya futbolunu ayağa qaldıranlar italyan, ispan, fransız, almanlar olmadı, elə islandların özləri qaldırdı...
Nə vaxta qədər ki, özümüz özümüzə dəyər verməyəcəyik, çox əcnəbilər gəlib gedəcək.
Hər dəfə də klubların sayı azalacaq, "sağılan" milyonlar isə xaricə uçacaq...
Bordinli "Neftçi" isə tək Azərbaycanda deyil, qruplarda əsas rol sahiblərindən biri olmağa çalışmalıdır...
Tahir Süleymanov