"Nəticə bizi qane etməsə də, komandamın sərgilədiyi oyundan və əzmkarlıqdan razı qaldım".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Belaruslu mütəxəssis bu görüşün ilk matçdan fərqli olduğunu bildirib: "Komandam ikinci hissədə daha yaxşı oynadı. İnkişaf nəzərə çarpır. Rəqibi yarımfinala çıxması münasibətilə təbrik edirəm".

41 yaşlı baş məşqçi bundan sonra Premyer Liqada hər oyunun komandası üçün finala bərabər olacağını söyləyib: "Bütün futbolçularımız peşəkardırlar. Hamı meydanda öz üzərinə düşəni edəcək".

Baqa Qəbələdəki futbol infrastrukturuna da toxunub: "Məşqdən sonra piyada mehmanxanaya kimi getdim ki, hər şeyi öz gözlərimlə görüm. İnfrastruktur, meydançalar, dağlar, bir sözlə, mənzərə çox gözəldir".

O, komandanın əsas probleminin qol fürsətlərini dəyərləndirə bilməməsi ilə əlaqələndirib: "Epizodlar yaratsaq da, istifadə edə bilmirik. Bunun üzərində çox işləmək lazımdır".

Mənbə: https://report.az