“Səbail” klubunun məşqçisi Vüqar Məmməd premyer-liqanın 11-ci turunda “Zirə” ilə keçirilən oyundan sonra mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, baş məşqçisi Aftandil Hacıyev cəzalı olduğu üçün oyunsonrası mətbuat konfansına qatılan köməkçi-məşqçi 1:3 hesabı ilə məğlub olduqlarını görüş barədə bunları deyib:
“Bu gün öz dəst-xətti ilə seçilən komandaya qarşı oynadıq. Oyundan-oyuna rəqibin həm sürətli, həm də dinamik oyun nümayiş etdirdiyi görsənir. Bizə gəldikdə isə, bir sıra çətinliklərimiz var. Süni meydandan təbii meydana keçmişik, millidə olan oyunçular komandaya bir az gec qoşuldular. Bunun fonunda rəqib meydanında oynamaq çətin oldu”.
O, qapıda Elxan Əhmədovun yox, debütant Nail Alışovun yer almasına da aydınlıq gətirib:
“Kamran Ağayevin zədəsi var. Elxan Əhmədov da xəstələnmişdi, matça bərpa olunması çətin oldu. Nailə də güvənirdik. Neçə vaxtdı gözləyirdik ki, ona şans verək. 21 yaşı var, premyer-liqada oynamağa hazır futbolçudu. Sadəcə, debüt oyunu olduğundan, onun üçün çətin idi”.