Premyer Liqamızın 6-cı turunda "Sabah"ı 2:0 hesabıyla məğlub edən "Keşlə"nin məşqçisi Zaur İsmayılov oyundan sonra keçirilən mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, o, matçla bağlı bunları deyib:

"Ağır oyun keçdi. Hər iki komanda son sıralarda idi. Hər iki tərəfə də qələbə lazım idi. Sevinən tərəf biz olduq. Uşaqlara təşəkkür edirəm. Rəqibə uğurlar arzulayıram".

- Sanki Sənan Qurbanovun texniki zonada yoxluğu daha çox “Keşlə”nin xeyrinədir...

- Belə deməzdim. O, kənardan da olsa, göstərişlərini verirdi. Qələbəmiz çoxdandı gözlənilirdi.

- Matçdan sonra Felipe Santosdun tərbiyəsiz jesti oldu. Epizodu gördünüzmü?

- Görmədim. Baxacağıq, belə bir şey olubsa, cəzasını alacaq.

- 90 dəqiqə qapandız. Bu sizin tapşırığınız idi, yoxsa komanda məcburən geri çəkilirdi?

- Rəqibi mərkəzdə qarşılamaq istəyirdik. Erkən qoldan sonra da arxaya çəkildik. Bu, rəqibin hücumları ilə bağlı idi. "Sabah"da texnikalı futbolçular çoxdu. İrəli çıxsaq, çoxlu təhlükələr ola bilərdi.

- Fasilə yerinə düşdü, yoxsa arzuolunmazdır?

- Məcburuq fasiləyə getməyə. Bəlkə də fasilə olmasa, yaxşı olardı. Amma ola da bilər ki, bu fasilədə boşluqları aradan qaldıraq.