"Bu oyuna itkilərlə çıxmışdıq. Əsasən də müdafiədə ciddi problemlərimiz var idi. Yurgen Qoxa ağrılarla oynayırdı, Cabir Əmirli isə dünən məşq etməmişdi".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev evdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının III tur oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis itlilərə rəğmən yaxşı oynadıqlarını bildirib: "Sumqayıt"ı da təbrik etmək istəyirəm. Ayxan Abbasov böyük iş görüb. Bu gün onları asanlıqla məğlub etmək mümkün deyil. Çox güc sərf etdik. Düşünürəm ki, layiqli qələbə qazandıq. Bu 3 xalı itirə də bilərdik. "Sumqayıt"ın qapımızda qol epizodları oldu. Amma ümumən topu özümüzdə yaxşı saxlaya bildik. Oyunumuzu daha da yaxşılaşdırmaq üçün irəli baxmalıyıq. Bu gün vacib 3 xal qazandıq. Sevinməyə çox vaxtımız yoxdur. Çətin Qəbələ səfərimiz var. "Qəbələ" də oyunu ilə göstərdi ki, Avroliqa iddiası var".
Hacıyev qapıçı Kamran Ağayevin zədəli olduğunu söyləyib: "Kamran barmağından zədə alıb. Ona görə hazırlıqdan kənarda qalmışdı, yoxlama oyunlarında da iştirak etmədi".(report)