Azərbaycan Premyer Liqasının 28-ci turunda  "Sabah" "Zirə" üzərində 2:1 hesablı qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Ramin Quliyev oyundan sonra baş tutan mətbuat konfransında fikirlərini bölüşüb:

"Çempionatı yaxşı notlarda bitirmək istəyirdik. Futbolçularımız qələbə üçün əllərindən gələni etdilər. Rəqibin kimliyinə rəğmən, meydana qalibiyyət üçün çıxırıq. Bir çox futbolçumuzun müqaviləsi bitir. Qalanlara da, gedənlərə də ayrı-ayrılıqda təşəkkür edirəm. Epizodlar zamanı kompakt müdafiə olunduq. Oyunları əks-hücumda qurmaq istəyirdik. Hesabda 1:0 öndə olarkən, təəssüf ki, yenə qapımızda 11 metrlik cərimə zərbəsi gördük. Bu, penaltiyə oxşamırdı. Amma hər oyun qapımıza penalti təyin olunur. VAR sistemi yoxdur, 50/50 olanda da belə qərar verilir. Bu, bir qədər xoşagəlməz hadisədir. Hər şey "Sabah"ın başına gəlir. Tam epizodu görməmişəm. Amma ilkin qənaətim budur ki, orada penalti yox idi".

Quliyev bildirib ki, özü komandada olduğu halda, baş məşqçi postuna kimlərinsə gələcəyi barədə söhbətlər xoşagələn deyil: "Mən bu barədə bir söz deyə bilmərəm. Hər kəsin şəxsi fikri var. Rəhbərliklə müqavilə barədə hələ danışığımız olmayıb. Kluba yad adam deyiləm, idman direktorluğundan baş məşqçi postuna gəlmişəm. Rəhbərlik məsləhət bilsə və məni bu postda saxlamağa lüzum görsə, qalacağam. Dəyişiklik edilsə, öz mövqeyimə çəkilərək, kluba xidmət edəcəyəm" (Report).