Çempionatın "qaynayan" vaxtında "Zirə"də iki hücumçunun birdən sıradan çıxması Rəşad Sadıqovun planlarına təsirini göstərdi.
Düzdür, çiyni sınan Davit Volkovla, çarpaz bağları qopan Filipe Paxtmannın əvəzinə iki yeni futbolçu alındı. Buna baxmayaraq, Davitlə Filipenin yoxluğu son oyunlarda özünü göstərməkdədir.
Sual doğuran məqam bu iki futbolçunun yaşıl meydanlara nə vaxt dönəcəyidir.
Offsideplus.az xəbər verir ki, İstanbulda əməliyyat olunaraq Bakıya qayıdan Volkov özünü yaxşı hiss edir. Gürcü futbolçu hələ ki, bərpa məşqləri edir. Tam sağalması, fiziki formasını bərpa etməsi və meydana çıxmağa tam hazır olması üçün təxminən bir ay vaxt lazımdır.
Paxtmannın durumu isə olduqca ağırdır. Braziliyalı forvard üçün mövsümün başa çatdığı məlumdur. Vəziyyət o qədər pisdir ki, Filipe hətta növbəti mövsümün əvvəlini də buraxa bilər. Əməliyyatdan sonra hələ də İstanbulda olan 20 yaşlı futbolçunun yaşıl meydanlara dönüşü üçün 5-6 ay vaxt lazımdır. Bu isə Paxtmannın azı avqusta qədər oynaya bilməyəcəyi anlamına gəlir.