"Sumqayıt"la dünənki oyunda "Qarabağ"ın futbolçusu Uroş Matiçin futbol köynəyinin arxasındakı adın başqa əlifba ilə yazılması diqqətdən qaçmadı.
Məlum oldu ki, Ağdam klubu bunu etməklə Əsasnamənin tələblərinə zidd addım atıb.
Sual doğuran məqam isə digər futbolçularla bağlı belə bir problem yaşanmadığı halda niyə bu halın Uroşun soyadında görünməsidir?
Offsideplus.az olaraq məsələyə aydınlqı gətirmək üçün klubun mətbuat katibi Gündüz Abbaszadənin fikirlərini öyrəndik: "Buna sırf texniki qüsur demək olar. Komandadakı bütün əcnəbilərin adları dilimizin tələblərinə uyğun yazılıb. Klub olaraq dilimizin, əlifbamızın tələblərinə həssas yanaşırıq. Necə ki, UEFA-nın qarşısında "Qarabağ" adının "Qarabagh" və ya "Karabakh" kimi yazılmasını yox, məhz "Qarabağ" kimi qeyd olunması ilə bağlı məsələ qaldırıb, buna nail olmuşduq. Dediyim kimi, Matiç məsələsində texniki səhvə yol verilib. Həmin səhv də aradan qaldırılacaq.
Bu arada səhvin üzə çıxmasında pay sahibi olan "Grammar Azi" səhifəsinə təşəkkür etmək istəyirəm. Səhvsiz iş yoxdur. Vacib olan nöqsanın aradan qaldırılmasıdır ki, bunu da edəcəyik".