"Birinci hissədə qol imkanlarımız demək olar ki, kifayət qədər çox olmadı. Ön xəttdə çoxala bilmədik. Rəqib bizim səhvimizdən yararlanıb qol vurdu. İkinci yarıda isə hesabı dəyişməyə çalışdıq, yenə öz səhvimizdən qapımızda qol gördük və istəmədimiz məğlubiyyət aldıq".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Sabah" klubunun baş məşqçisi Visente Qomes Premyer Liqanın 16-cı turunda səfərdə "Səbail"ə 0:2 hesabı ilə uduzduqları görüşdən sonra qatıldığı mətbuat konfransında deyib.
O, klub rəhbərliyinin uğursuz çıxışına görə ona qarşı hümanist addım atmasına da münasibət bildirib: "Bunu rəhbərlikdən soruşsanız daha düzgün olar".
İspaniyalı baş məşqçi ölkə kubokunun 1/8 finalında "Kəpəz"ə 1:2 hesabı ilə uduzduqları görüşdən sonra rəhbərliklə görüşünün olduğunu söyləyib: "Mən demək olar ki, rəhbərliklə hər həftə danışıram. Sadəcə, "Kəpəz"lə dueldəki məğlubiyyətdən sonra yox. Hər həftə əlaqədəyik".
Qomes "Sabah"dakı işindən razı olmadığını sözlərinə əlavə edib: "Ümumi oyundan da narazıyam. Buraxılan qola görə hansısa oyunçunu günahlandırmaq istəmirəm. Şəxslər barəsində danışmaq istəmirəm. Mən daxil əsas və ehtiyat oyunçular - hamımız daha çox şeylər edə bilərik və etməliyik.
Mütəxəssis "siz, "Sabah"ın prezidenti olsaydınız, belə nəticələr qazanan baş məşqçini postunda saxlayardınız" sualına belə cavab verib: "Mən klub prezidenti deyiləm. Heç vaxt olmayacam. Yəqin ki, belə təcrübəm də olmayacaq" (Report).