Portuqaliya yığması 2022-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə keçirəcəyi oyunda əsas futbolçularının bəzilərindən istifadə etməyə bilər.
Offsideplus.az xəbər verir ki, buna FIFA-nın koronavirus pandemiyasına görə tətbiq etdiyi yeni qaydalar səbəb olub.
Qərara əsasən, klublar məhdudlaşdırıcı tədbirlər görülərkən oyunçuların yığma komandalara getməsini qadağan etmək hüququna malikdir. Yeni tənzimləmə aprel ayına qədər qüvvədədir.
Portuqaliya yığması martdakı qarşılaşmalar üçün İngiltərə Premyer Liqasında çıxış edən Bruno Fernandeş ("Mançester Yunayted"), Bernardo Silva (Mançester Siti), Dioqu Jota ("Liverpul") və Rui Patrisiunun ("Vulverhempton") xidmətindən yararlanmaya bilər. Bu, yığmaya cəlb olunan oyunçuların geri dönüşdə karantinə alınacaqları ilə əlaqədardır. Portuqaliya koronavirus pandemiyasının geniş yayıldığı ölkələrdən sayılır və "qırmızı siyahı"da yer alıb.
Almaniya "Ayntraxt"ının hücumçusu Andre Silvanın da eyni səbəbdən Azərbaycan seçməsi ilə görüşdə oynamamaq ehtimalı böyükdür.
Qeyd edək ki, martın 24-də Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində A qrupunda Portuqaliya ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburqla da mübarizə aparacaq (Report).