Bu gün baş tutan "Neftçi" - "Zirə" matçının (0:1) son dəqiqələri gərginliyi ilə yadda qaldı.
Meydanda amansız mübarizə gedir, hesabda yenik düşən meydan sahibləri böyük qüvvə ilə irəli atılıb bərabərlik qolu axtarırdı.
Offsideplus.az xəbər verir ki, belə epizodların birində əsəblər tarıma çəkildi. Belə ki, qonaqlar feyr-pley əlaməti olaraq rəqibin topu onlara verəcəyini zənn etsə də, "Neftçi" hücumu davam etdirdi. "Qartallar"ın çağırışına baxmayaraq, Talisson heç kimə qulaq asmadan topla irəliləmək istəyirdi. Qarşısında rəqib futbolçunun olduğunu görüncə komanda yoldaşına ötürmə etdi ki, Mamadu Kane topu auta çıxardı.
Bu an "Zirə"nin futbolçuları, xüsusən də İlkin Muradovla Riçard Almeyda sözün əsl mənasında üsyan edirdi. Hətta İlkin Samir Abasova tərəf gəldi və əli ilə Talissonu göstərib niyə feyr-pley qaydalarına əməl etməsinin vacibliyini ona demədiklərini soruşdu. Bu an özünü saxlaya bilməyən Abasovun köməkçisi Seymur Rəhimov önə çıxdı. Üzünü rəqib futbolçuya tutan Rəhimovun müraciəti belə oldu: "Dedik, əmir qurban, başa düşmədi bizi".
Seymur Rəhimovun bu müraciəti eşidənləri xeyli güldürdü.